Məktəbə getmədən məzun olanlar – Bu il 11-ciləri nələr gözləyir?
12:11 / 30.03.2021
1823
"Bu il orta məktəbi bitirən 11-ci sinif
şagirdləri tarixi an yaşayacaqlar. Belə ki, onlar məktəbə getmədən mərtəbdən məzun
olacaqlar”.
Sfera.az xəbər verir ki, bunu təhsil eksperti
Kamran Əsədov deyib.
O bildirib ki, əslində əvvəlki dövrdə də bir
çox məktəbdə qeyri-rəsmi də olsa, bu cür hallar vardı: "Yəni, şagirdlərin valideyni direktorla
"razılıq" əldə edirdi və şagird məktəbə ancaq KSQ (kiçik summativ
qiymətləndirmə), BSQ (böyük summativ qiymətləndirmə) yazmaq lazım olanda
gedirdi. Özü Bakıda oxuyub adı rayon, məcburi köçkün məktəbində gedən şagirdlər
var idi ki, onlar ümumiyyətlə dərsə gəlmirdilər. Amma pandemiya dövründə məktəb
olmadığı üçün 1 ildir, bu proses dayanıb. Covid-19 həm də bəzi direktorların gəlirinə
ciddi şəkildə təsir göstərib. Düzdür, indi də müəyyən məlumatlar var ki,
onlayn-distant dərslərdə iştirak etməməsi üçün "razılıq" tələb edənlər
var, amma kütləvi deyil”.
Ekspert bildirib ki, 15 apreldən məktəbə ayaq
qoymayan, getməyən şagirdlər məktəbi bitirmək üçün buraxılış imtahanı verəcəklər:
"Niyə dərslər onlayn-distant qaydada
keçirildiyi halda, imtahanı ənənəvi keçiririk? Mən də bilirəm, hamı deyəcək ki,
köçürmə halları olacaq və ya hamının texniki imkanları yoxdur. Bunlar həll
oluna bilən problemlərdir. İkincisi, 15 gün sonra məktəbə getmədən buraxılış
imtahanı verəcəklər, amma elektron ərizə qəbulu başlamayıb. Düzdür, şagirdlərin
şəxsi məlumatları məktəb tərəfindən sistemə daxil edilir, amma burada da
problemlər var. Artıq aprel ayı başlayır, amma DİM hələ də elektron ərizə qəbulunu
başlamayıb. Bu gecikmə şagirdlərin psixoloji gərginlik yaşamalarına gətirib
çıxarır. Yeniyetmələr üçün qəbul imtahanı ilə bağlı ən kiçik detal belə həssas
dövrlərində gərginliyə səbəb olur.
Təəssüflər olsun ki, Təhsil nazirliyi ümumiyyətlə
bu proseslərdən kənardadır. Yəni, qəbul və buraxılış imtahanı ilə bağlı hörmətli
Təhsil nazirliyi heç vaxt mövqeyini nümayiş etdirmir. Düzdür, deyirlər ki, DİM
bizimlə razılaşdırılmış qaydada imtahanlar barədə qərar qəbul edir. Bu prosesləri
bilən hər kəsə aydındır ki, DİM üçün Təhsil nazirliyinin təsdiqi formal
xarakter daşıyır. Onsuz da Təhsil nazirliyində bu prosesləri bilən yoxdur və
hansı layihə təqdim edilsə, təsdiq olunacaq”.
Günay
Sfera.az