Məhv olmuş nəhəng neft ölkəsi: Liviya - Araşdırma
23:19 / 06.04.2019
13915
Qəddafi öldükdən sonra Liviyada vəziyyət gərgin olaraq qalır. Ölkədə daim davam edən vətəndaş müharibəsi hökm sürür.
Bu dəfəki araşdırma yazımızda son günlər vəziyyət daha da kritik vəziyyətə gələn və gündəmi əhatə edən Liviya ilə bağlı məlumat verməyə çalışacağıq: Tarixi Liviya Şimali Afrikanın Məğrib bölgəsində yerləşən dövlətdir. Burada finikyalılar, kartacalılar, Makedoniyalı İsgəndərin orduları, Protelamus xanədanı, romalılar, ərəblər və türklər müxtəlif dövrlərdə hakimiyyətdə olublar. Sonuncu dəfə Osmanlı imperiyası buraya nəzarət edib.
1553-cü ildə Osmanlı İmperiyasının komandanlarından olan Turqut rəis buranı ələ keçirir. Liviya 1611-ci ilə qədər bura Osmanlı İmperiyasının paşaları (ordu generallları) tərəfindən idarə olunur. 1611-ci ildən 1835-ci ilə qədər Liviyaya dayılar deyilən dövlət başçıları nəzarət etməyə başladılar. Lakin 1835-ci ildə Osmanlı İmperiyası buranı yenidən ələ keçirdi və hakimiyyət mərkəzi hökumətin (paytaxt İstanbuldakı Osmanlı xanədanına) əlində cəmləşdi. Osmanlı İmperiyası zəiflədiyi bir vaxtda İtaliya 1911-ci ildə buranı işğal etdi. İtaliyanın hakimiyyəti illərində Liviya əhalisi kölələşdirildi və zülmlərə məruz qaldı. Vəziyyət belə olduğu üçün Liviyada da müqavimət hərəkatları yaradıldı. Ölkədə müqavimətçilərə əsas Ömər Muxtar rəhbərlik edirdi.
Ömər Muxtarın lideri olduğu Sanusilər italyanlara qarşı mübarizəni genişləndirdikcə ölkədə ölümlərin sayı da artmağa başladı. İtaliyanın faşist lideri Benitto Mussolini müqaviməti qırmaq üçün komandirlərinə göstəriş verirdi ki, amansız qətliamlar törədilsin. Məşhur "səhra pələngi” adı ilə tanınan Ömər Muxtarın əmri altında olan qəbilələri 100-300 silahlı atlı olaraq kiçik qruplar halında ölkədə müxtəlif yerlərə yerləşdirir. Bu qüvvələr çox cəld və iti hərəkətləri sayəsində İtaliya ordu qüvvələrinə basqınlar təşkil edir və bir anda aradan çıxa bilirdilər. Ömər Muxtarın tabeliyindəki qüvvələrlə İtaliya ordusu arasında 1923-cü ildən 1932-ci ilə qədər hər il ən azı əllidən artıq döyüş, toqquşma baş verirdi. İtaliyalılar təkcə təşkilatlanmış bir hissə Sənusi birliklərinə qarşı deyil, bütünlükdə Liviya xalqına qarşı mübarizə aparırdılar.
Ömər Muxtar hərəkatın mərkəzi olaraq qərargahını Calu sahəsinin Cəbəl-əxdar (Yaşıl dağ) hissəsində qurdu. Hərəkatı davam etdirmək üçün maddi yardıma və hərbi qüvvəyə ciddi ehtiyac duyan Ömər Muxtar Misirə gizli səfərlər edərək yardım istəsə də, lazımi köməyi ala bilmədi. İtaliyanın Liviyaya yeni təyin etdiyi idarəçi Pyetro Badolyonun cəza üsulları italiyalılara qarşı müqaviməti daha da sərtləşdirirdi. 1929-cu ilin fevral-mart aylarında italiyalıların hücumları daha da gücləndi. İyunun 13-də Siciliani, 18-də Badolyo və ayın 28-də yenidən Siciliani ilə görüşən Ömər Muxtar atəşkəsə razı oldu. Lakin 2 ay davam edən atəşkəsin oyundan başqa bir şey olmadığını görən Ömər Muxtar oktyabr ayında atəşkəsi pozdu və müqaviməti davam etdirdi. 1929-cu il dekabrın 8-də mücahidlər Benqazidəki İtaliya qərargahına hücum etdilər. Buradakı İtaliya hərbi birləşmələri tamamilə məhv edildi. Bu italiyalılar arasında böyük bir çaşqınlıq yaratdı. Mussolini vəziyyəti dəyişməyə cəhd göstərdi və 10 yanvar 1930-cu ildə ordunun rəhbərliyinə general Rodolfo Qrasiani gətirdi. Qrasiani həm nüfuzdan düşməmək, həm də mücahidlərin Misir sərhədləri boyu ərazilərin sakinlərindən yardım almalarının qarşısını almaq üçün sələflərinin etmədiyi bir işə - Liviyanın cənubunda italiyalıların tuta bilmədikləri Kufra şəhərini işğal etməyə girişdi. 1930-cu ilin sonları üçün aparılmış hazırlıqlardan sonra 1931-ci ilin yanvar ayında Kufra işğal olundu. İtaliyalıların burada həyata keçirdiyi qətllər, işgəncə və təcavüzlər repressiya həddinə çatmışdı. Kufranın əldən çıxması ilə mücahidlərin əlində müdafiəsiz Cəbəl-əxdar qalırdı.
Artıq burada da son döyüşlər gedirdi. 11 sentyabr 1931-ci il tarixində Ömər Muxtar və bir neçə mücahid, Silanta ərazisində italiyalıların nəzarətindəki bölgəyə daxil oldular. İtalyan kəşfiyyatı bundan xəbər tutdu və qısa döyüşdən sonra Ömər Muxtar əsir düşdü. Əvvəlcə Süsəyə, oradan isə Benqazidən 60 km uzaqlıqdakı Suluka aparılan Ömər Muxtar burada Liviyadakı İtaliya ordusunun baş komandanı Rodolfo Qrasianinin qarşısına çıxarıldı. (Ömər Muxtar ələ keçdikdən sonra) Mücahidlərin təslim olması təklifini rədd edən Ömər Muxtar 15 sentyabr 1931-ci ildə İtaliya məhkəməsi qarşısında mühakimə olunaraq, ölümə məhkum edildi və növbəti gün Sulukdakı toplanma düşərgəsində öz ardıcıllarının qarşısında asıldı.
2-ci Dünya Müharibəsindən sonra İtaliya Almaniya ilə birgə məğlub olduğu üçün Liviyada hakimiyyət də dəyişdi. Buraya Fransa və Böyük Britaniya nəzarət etməyə başladı. Birləşmiş Millətlər Təşkilatı 1949-cu ildə Liviyanın müstəqil dövlət olması barədə qərar qəbul etdi. Qərara qədər müzakirələrdə Liviyanı 1920-ci ildən italyanlara qarşı mübarizə aparan və sonradan Misirə sürgün edilən Şeyx İdris təmsil edirdi.
1951-ci ildə tam olaraq müstəqilliyini qazanan Liviyada ölkənin kralı Şeyx İdris oldu. 1969-cu ildə Liviyada gənc hərbçilərdən ibarət ordunun bir qolu Şeyx İdrisə qarşı hərbi çevriliş reallaşdırdı. Çevrilişçilərə Müəmmar Qəddafi liderlik edirdi. Bununla da Liviyada monarxiya aradan qaldırıldı və Liviya Ərəb Respublikası quruldu. Müəmmar Qəddafi hakimiyyətə gəldikdən sonra özünün "Üçüncü Beynəlxalq Teoriya” adlandırdığı Sosializm və İslam qarışığı siyasət yürütdüyünü bəyan etdi. 2011-ci ilə qədər ölkəyə nəzarət edən Müəmmar Qəddafi əsasən Fransaya yaxınlığı ilə seçilirdi. Hətta bəzi mətbuat orqanlarında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin seçki kampaniyasını Müəmmar Qəddafinin maliyyələşdirdiyi də iddia olundu.
Lakin buna baxmayaraq Fransa, Böyük Britaniya və ABŞ 2011-ci ildə Liviyaya hücum etdi. Hərbi əməliyyatlara səbəb olaraq Müəmmar Qəddafinin xalqına qarşı zülm etdiyi göstərilirdi. Bundan əlavə Müəmmar Qəddafinin BMT qərarlarına riayət etmədiyi də iddialar arasında idi. 2011-ci ilin 22 avqust tarixində Liviyada Müəmmar Qəddafi devrildi. Devrilmə prosesində üsyançılar və xalq da fəal iştirak etdi. Üsyanların sonunda Sirtə şəhəri yaxınlığında Qəddafinin avtomobil karvanına NATO hücum etsə də o sağ xilas oldu. Lakin üsyançılar daha sonra Qəddafini keçidlərdən birində ələ keçirdi və döyərək öldürdülər.
Liviya Milli Təhlükəsizlik Şurası Qəddafinin ölümündən 1 ay sonra ölkə seçkilərə gedənə qədər keçici hökumətin qurulması qərarı verdi. Hökumətə rəhbərlik 2011-ci ilin 31 oktyabr tarixində Əbdürrəhim əl-Kibə verildi. 2012-ci ilin 7 iyul tarixində ölkədə seçkilər keçirildi. Seçkiləri Mahmud Cibril liderliyindəki Milli Qüvvələr İttifaqı qazandı. Buna baxmayaraq seçkilər Liviya siyasətini sabitləşdirmədi. 2012-ci ilin 12 sentyabr tarixində baş nazir dəyişdi və Mustafa Əbu Şaqur Liviyanın yeni baş naziri təyin olundu. Mustafa Əbu Şaqurun parlamentə təqdim etdiyi Nazirlər Kabineti üzvləri siyahısı iki dəfə geri qaytarıldı və 7 oktyabr 2012-ci ildə istefa verdi.
2012-ci ilin 15 oktyabr tarixində Mahmud Cibril liderliyindəki Milli Qüvvələr İttifaqı tərəfindən dəstəklənən Əli Zeydan yeni baş nazir oldu. Bundan əvvəl Liviyada daha bir qalmaqal baş vermişdi. Belə ki 2012-ci ilin sentyabr ayında ABŞ səfiri və 3 ABŞ vətəndaşı həzrəti Məhəmmədi (s) hədəfə alan video səbəbi ilə öldürüldülər. Bundan əlavə ABŞ səfirliyinə atəş açıldı və bina yandırıldı.
Problemlər bununla da bitmədi. 2013-cü ilin oktyabr ayında paytaxt Tripolidə baş nazir Əli Zeydan silahlı şəxslər tərəfindən qaçırıldı və sonra sərbəst buraxıldı. Ölkədə hazırda iki hakimiyyətlilik mövcuddur. Belə ki, Tobruk şəhərindəki hərbi qüvvələrə nəzarət edən general Xəlifə Həftar bir hökumətə, paytaxt Tripolidəki qüvvələr isə Milli Razılaşma Hökuməti adı verdikləri digər hökumətə nəzarət edirlər. İqtisadiyyatı İqtisadiyyatı mərkəzi planlamaya tabe olan Liviya gəlirinin çox hissəsini neftdən alır. OPEC üzvü olan Liviya neft rezervlərinə görə Afrikada 1-ci yerdədir.
Bu rezervlər ölkə iqtisadiyyatının 75 faizini təşkil edir. Müəmmar Qəddafi dövründən sonra dəfələrlə neft ixracı dayandırılan Liviyada iqtisadiyyat hazırda çox pis vəziyyətdədir. Liviyada adam başına düşən milli gəlir 13 min 800 dollar olsa da vətəndaş müharibəsi səbəbilə insanlar bu pulları əldə edə bilmirlər.
Ölkədə kənd təsərrüfatı və balıqçılıq da inkişaf edən iqtisadi sahələrdəndir. Dili, dini, irqi, demoqrafik quruluşu və coğrafi mövqeyi Ölkədə insanların 90 faizi şəhərlərdə yaşayırlar. Ölkənin ən böyük şəhərləri Tripoli, Benqazi və əl-Bəydadır. Burada ərəbləşmiş bərbərilər, türklər, sırf ərəblər və çöl qəbilələrindən olan bədəvilər və tuareqlər yaşayırlar. Ölkədə Orta Afrikadan olan qaçqınlar da mövcuddur. Buraya çinlilər, türklər, ərəblər və digər millətlər də çalışmaq üçün gəlirlər. Liviyanın rəsmi dili ərəbcədir. Əhalinin 80 faizi ərəbcə, 20 faizi isə bərbəricə danışırlar.
İtalyan və ingiliscə də böyük şəhərlərdə danışılan dillərdəndir. Bundan əlavə ölkə əhalisinin böyük əksəriyyəti müsəlmandır. (Paytaxt Tripolidəki Böyük Məscid) Liviyanın sahəsi 1.759.540 km²-ə çatmaqdadır. Sahəsinə görə Afrikanın dördüncü böyük ölkəsidir. Bu geniş torpaqların az qala 95%-i səhra və ya quraq ərazidir. Şimalda Aralıq dənizi və cənubda Ekvator Afrikası arasında bir qum dənizinə bənzəyən Böyük Səhra çölünün, təxminən 1300 km uzunluğundakı böyük bir hissəsi, Liviya torpaqlarının payına düşür. Liviyanın, Tunis və Misir arasında olan Aralıq dənizi sahillərinin uzunluğu, təxminən 1912 km-dir. Sahildən etibarən getdikcə yüksələn Liviya torpaqları, ümumiyyətlə yüksək yayla görünüşündə olub, başlıca üç böyük bölgəyə ayrılar; Sidra Körfəzinin qərbində yer alan və ortalama 650 m yüksəkliyində olan Trablus bölgəsi, irili xırdalı sahələrə sahib olub, məhsuldar torpaqlarla örtülüdür. Bu bölgənin ən yüksək yeri olan Nefusa Dağı, bölgəni şimal küləklərindən müdafiə edir. Ölkənin paytaxtı Tripoli şəhəridir.
Qəbilələr və neft amili Liviya qəbilələrinin hər biri fərqli xüsusiyyətlərə malikdir. Qəddafinin 42 illik diktaturası ölkənin qərbində 3 əsas qəbiləni önə çıxardı. 1. Varfalla (ən böyük qəbilə). 2. Qəddaf (Qəddafinin qəbiləsi). 3. Maqarxa. (Tuareq qəbilə üzvləri ənənəvi rəqslərini edərkən) Ölkənin şərqində qəbilələr daha sıx yaşayır, neft ehtiyatı və infrastruktur daha böyükdür. Əsas neft mənbələri: Murzuq, Sirtə və Kirenaikadadır. 5 neft emalı müəssisəsindən 4-ü və 6 terminaldan 5-i şərqdədir. Sirtdən Tobruka uzanan 800 km-lik sahil zolağı neftin hasilat, emal və ixrac bölgəsidir. Müharibə nəticəsində neft müəssisələri və kəmərləri az zərər çəkib və qısa müddətdə bərpa olunub. Məsələ burasındadır ki, neftli torpaqlarda qarışıq və çoxsaylı qəbilələr var. Beləliklə, qəbilələrin 85-90%-i neft gəlirlərinin bölünməsində birbaşa iştirak edir. Onların Qəddafiyə qarşı mübarizəsinin əsas səbəblərindən biri də budur. Mayns Coğrafiya İnstitutunun rəhbəri, Ərəb Dünyasını Araşdırma Mərkəzinin sədri, Ərəb Şərqi üzrə mütəxəssis Günter Mayer əsas qarşıdurmanın Tripolitaniya və Kirenaika arasında əsas ixrac qüvvəsi uğrunda olduğunu bildirirdi.
Azərbaycanın Liviyadakı diplomatik misiyası Liviyada vəziyyət gərginləşdikdən sonra Azərbaycan vətəndaşları da bu ölkəni tərk etməyə başladı. Azərbaycanın Liviyadakı səfirliyi bir gün ərzində 12 soydaşımızı vətənə göndərdi. Bu barədə APA-ya o dövrdə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov məlumat vermişdi: "Bir çoxları ölkəni tərk etməyə çalışır, buna görə də Tripoli hava limanı gərgin iş rejimində çalışır. Hələlik Liviyada olan Azərbaycan vətəndaşlarından baş verən hadisələrdə zərər çəkən yoxdur. Səfirlik ölkədən çıxmaq istəyən bütün soydaşlarımızı Vətənə göndərmək üçün lazımi səylər göstərir".
Qeyd edək ki, hadisələr başlayan dövrdə səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla Liviyada cəmi 20 Azərbaycan vətəndaşı var idi: "Biz vətəndaşlarımızı çıxarmaq üçün səylərimizi əsirgəmirik. Lakin aeroportda ölkədən getmək istəyən 4-5 min nəfər toplaşıb. Heç də bütün təyyarələrə uçuş icazəsi verilmir, hətta çarter reyslərinin hamısı həyata keçirilmir. Liviyadakı MDB ölkələrinin səfirlikləri ilə belə razılığa gəlmişik ki, vətəndaşlarımızın Liviyadan çıxarılması prosesini birlikdə həyata keçirək. Əgər təyyarələrin havaya qalxmasına icazə verilsə, bəlkə bu gün 12 Azərbaycan vətəndaşını ölkəmizə göndərə bildik". Bundan sonra Azərbaycanın 10 vətəndaşı Ukrayna Müdafiə Nazirliyinin təyyarəsi ilə Liviyadan Kiyevə evakuasiya olundu. Daha 10 Azərbaycan vətəndaşı Ukraynaya məxsus təyyarə ilə Liviyadan evakuasiya olunmuşdular.