Medianın pulunu yeyənlər indi onun əzabını çəkir

Medianın pulunu yeyənlər indi onun əzabını çəkir

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı yol verdiyi qanun pozuntuları ilə bağlı Respublika Baş Prokurorluğunun açıqladığı məlumat göstərir ki, uzun illər bu sahəyə rəhbərlik etmiş şəxslər dövlətin etimadından istifadə edərək medianın inkişafı, jurnalistlərin maddi vəziyyətinin, mənzil-məişər şəraitinin yaxşılaşdırılması məqsədilə ayrılan böyük məbləğdə vəsaiti mənimsəyib, vəzifələrindən şəxsi maraqlara uyğun istifadə ediblər. Mənimsəmə faktları miqyasına və ümumi məbləğinə görə olduqca böyükdür.


Sfera.az xatırladır ki, 2009-cu ildə KİVDF yaradılanda mətbuat nümayəndələri, jurnalistlər bu dövlət qurumuna böyük ümidlər bəsləyirdi. Ümid edilirdi ki, dövlət qurumu media sahəsində yığılıb qalan problemlərin həllində böyük təşəbbüslər göstərəcək, problemlərin həllində, çətinliklərin aradan qalxmasında vasitəçi olacaq. Bu gözlənti ilə bağlı olaraq KİVDF-nin ayrı-ayrı istiqamətlər üzrə müxtəlif proqramlar hazırlayıb həyata keçirməsi daim qələm əhli tərəfindən dəstəklənib. O cümlədən mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində icra edilən proqramlar da media əhlinin rəğbətini qazanmışdı.

 

Lakin bu sahədə Hesablama Palatasının aşkar etdiyi faktlar, onun əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan tədqiqatlar üzə çıxartdı ki, media sahəsində dövlət siyasətini həyata keçirən qurumlar və onların məsul şəxsləri bütün proqramların icrası zamanı daha çox özlərinin şəxsi maraqlarını üstün tutub, dövlətin ayırdığı böyük məbləğdə vəsaiti talayıb, vəzifədən sui-istifadə edərək böyük məbləğdə qazanc əldə ediblər.

Media sahəsində korrupsiya, şəxsi qazanc üçün müxtəlif proqramların icrası Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun fəaliyyəti dövründə təsadüf edir. O və onun "silahdaşları” bu illər ərzində özləri üçün böyük maddi təminat, biznes imkanları yaradıb. Bugünlərdə "Bakı 24”, "Kaspi AZ”, "Mətbuat Evi”, "Golden Prince”, "Global Advertisment” MMC-lər, eləcə də "Kaspi Co” MTK adlı şirkətlər ləğv olunub. Bu şirkətlərin Ə.Həsənovun ailəsinə məxsus olduğu bilinən faktdır. Adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

 

Ləğv edilən şirkətlər Ə.Həsənovun sahib olduğu sonuncu biznes müəssisələri deyil. Onun ailə biznesinin tərkibində olan müəssisələri arasında "Xətai” Klinikası və digərlərinin olduğu bildirilir.

 

Bu kimi faktlara hüquqi qiymət verilməsi vacibdir və yaxşı olardı ki, dövlət əmlakının mənimsənilməsi faktı nəzərə alınaraq kommersiya müəssisələri özəl mülkiyyətdən dövlət mülkiyyətinə çevrilərək özəlləşdirilməyə çıxarılsın.

 

Hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarə KİVDF-nin icraçı direktoru və "Portos” MMC-nin direktoru haqqında cinayət işi açaraq onlar barəsində istintaq tədbirlərini həyata keçirir. İstintaq zamanı digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


İnanırıq ki, bu tədbirlərin davamında dövlətə dəyən zərər tam müəyyənləşdirilərək son qəpiyinə qədər geri qaytarılacaq və məsul şəxslər bu kimi faktlardan düzgün nəticə çıxaracaq.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR