“Mayın 15-dən sonra toylara icazə veriləcək” – Deputatdan “bu, sosial sifarişdir” açıqlaması
11:39 / 18.03.2021
4501
Pandemiya səbəbindən Azərbaycanda bir sıra
obyektlər bağlanıb, insanlar iş yerlərini itiriblər. Əgər əvvəllər işsizlər heç
olmasa gündəlik iş tapa bilirdilərsə, sərt karantin dövründə bu imkan da əldən
çıxıb. Bu baxımdan ölkədə işsiz əhalinin sayının kifayət qədər artdığını deyə
bilərik.
Milli Məclisin İnsan hüquqları komitəsinin
üzvü, deputat Naqif Həmzəyev Sfera.az-a açıqlamasında pandemiyanın bütün dövlətlərə,
o cümlədən Azərbaycana da zərər vurduğunu deyib. Onun sözlərinə görə, buna
baxmayaq 2020-ci ildə ölkəmiz pandemiya ilə mübarizəni ən az itkilərlə həyata
keçirib:
"Azərbaycan sosial təminat sahəsində sosial
yönümlü layihələri qətiyyən dayandırmadı, əksinə, bu sahəyə ayrılan vəsaitlər
artırıldı, sahibkarlara, həm də muzdlu çalışan vətəndaşlara birdəfəlik
yardımlar oldu. Buna baxmayaraq, istər-istəməz müəyyən iş yerləri bağlandı. Məsələn,
əvvəllər toy sənayesində müxtəlif sahələrdən insanlar çalışırdı. Son bir ildir,
ümumiyyətlə, toy yoxdur və iş yerlərində də müəyyən dərəcədə azalma var. Ancaq
düşünürəm ki, bu təzadlar pandemiya başa çatandan sonra aradan qaldırılacaq,
yaranmış problem öz həllini tapacaq.
İş yerlərinin azalması dedikdə, rəsmi müqavilə
əsasında işləməyən şəxslərdən söhbət gedir. Hansı ki, həmin şəxslər
restoranlarda və ya digər hazırda fəaliyyətini dayandıran yerlərdə günəmuzd
çalışırdılar. Demək olar ki, onlar iş yerlərini itiriblər. Qaldı ki, digər sahələrə,
müəyyən dərəcədə azalma mövcuddur. Fikrimcə, bu, təbii prosesdir. Dövlət vətəndaşlara
dəymiş ziyanı qarşılayıb, müəyyən güzəştlər olunub. Pandemiya bitəndən sonra
qısa müddətdə yeni iş yerlərinin açılacağını, işsizliyin aradan qaldırılması
üçün aidiyyatı qurumların xüsusi layihələr həyata keçirəcəyini düşünürəm”.
Deputat həmçinin qeyd edib ki, pandemiyaya görə
bir il ərazində çox şey itirmişik: "Ən əsası odur ki, vətəndaşların sosial və
psixoloji problemləri yaranıb. Hər kəs əvvəlki həyata qayıtmaq istəyir. Ancaq əvvəlki
dövrdən fərqli olaraq hazırda ölkəmizdə yanvar ayından başlayaraq vaksinasiya həyata
keçirilib. Risk qrupuna daxil olan insanların demək olar ki, əksəriyyəti
vaksinasiyadan istifadə ediblər. Bu, müəyyən dərəcədə bizi rahatladır. Bununla
yanaşı, unutmamalıyıq ki, pandemiya ilə mübarizə başa çatmayıb. Əksər Avropa,
MDB ölkələri qapanmalara gedir. Biz istəməzdik ki, yenidən qapanma olsun.
Bildiyiniz kimi Azərbaycanda yeni tipli modul
xəstəxanalar açılıb, indi əvvələ nisbətə pandemiyaya daha hazırlıqlıyıq.
Aidiyyatı qurum real vəziyyəti düzgün araşdırdıqdan sonra daha dəqiq qərar verə
bilər. Bu da təbii ki, xəstələrin, xüsusilə ağır xəstələrin sayından asılıdır.
Boş çarpayıların nisbətində qadağaların olub olmayacağı bilinəcək. İstənilən
halda, tam qapanma gözlənilmir, buna ehtiyac yoxdur. Çünki mağazalar,
restoranlar , məktəblər yeni açılıb, yavaş-yavaş normal həyata qayıdırıq. Qapanma olarsa, sahibkarlara, vətəndaşlara
ikinci ağır zərbə ola bilər. Bu baxımdan zərurət yaranmayacağı, kritik vəziyyət
olmayacağı təqdirdə qapanma olmayacaq”.
Müsahibimizin fikrincə, ölkədə peyvəndlənmə
uğurla həyata keçirilərsə və pandemiya ilə bağlı müəyyən irəlilərişlər əldə
edilərsə, may ayının ikinci 15 günlüyündən sonra hətta toylara müəyyən say
limiti tətbiq edilməklə icazə verilə bilər: "Çünki sosial sifariş budur, hər kəs
toyların bərpa olunmasını istəyir”.
Sfera.az