İtaliyada dənizin dibində 2000 illik məbədin qalıqları AŞKARLANDI

İtaliyada dənizin dibində 2000 illik məbədin qalıqları AŞKARLANDI

Arxeoloqlar Neapol yaxınlığında İtaliya sahillərində batmış qədim qurbangahlar və üzəri yazılmış mərmər lövhələr aşkar ediblər. 

 

Sfera.az xəbər verir ki, tapıntıların Ərəbistan yarımadasındakı qədim krallıq olan Nəbatilərdən olan mühacirlər tərəfindən tikilmiş 2000 illik məbədin qalıqları olduğu güman edilir.

 

Məbəd Neapoldan təxminən 16 km şərqdə, “Campi Flegrei” vulkanik bölgəsindəki Pozzuoli şəhərinin sahilində yerləşir. Roma İmperiyası dövründə bu şəhər Roma dünyasının hər yerindən gəmilərin girdiyi böyük bir liman idi.

 

Əsrlər boyu vulkanik fəaliyyət Pozzuolinin sahil xəttini əhəmiyyətli dərəcədə dəyişərək, təxminən 2 km uzunluğunda Roma dövrünə aid anbarları və qədim liman ərazisi ilə əlaqəli digər tikililəri suya batırıb. Hələ 18-ci əsrdə dənizdən tapılan artefaktlar burada basdırılmış məbədin olduğunu ehtimal etdirdi, lakin heç kim dəqiq harada olduğunu bilmirdi.

 

Qeyd edək ki, 2023-cü ildə bölgənin dəniz dibinin xəritəsini çəkən tədqiqatçılar Roma üslubunda divarları olan iki su altında qalan otaq aşkar ediblər. Təxminən 10x5 metr ölçüdə olan bu divarlar iki böyük otağı təşkil edirdi. Otaqlardan birinin divarına iki ağ mərmər qurbangah söykənmişdi. Hər iki qurbangahda, ehtimal ki, bir vaxtlar müqəddəs daşların saxlandığı bir neçə düzbucaqlı girinti var idi. Otaqların hər birində qədim Nəbati dininin əsas tanrısı olan “Duşara həsr olunmuş” mənasını verən latın dilində “Dusari sacrum” yazısı olan mərmər lövhə də var idi.

 

Eramızdan əvvəl IV-II əsrlərdə Nəbati krallığı Şimali Ərəbistandan Aralıq dənizinin şərqinə qədər uzanırdı. Nabatlılar eramızın 1-ci əsrinin sonlarında çox böyük sərvət toplayan ticarət şəbəkəsinə nəzarət edirdilər. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR