İçərişəhərdəki “Kuklalar muzeyi” – Turistlərin və uşaqların sevimli məkanından FOTOREPORTAJ 

İçərişəhərdəki “Kuklalar muzeyi” – Turistlərin və uşaqların sevimli məkanından FOTOREPORTAJ 

Son vaxtlar həm yerli sakinlərin, həm də turistlərin diqqətini daha çox çəkən məkanlardan biri də fərqli ölkələrdən gətirilmiş kuklaların nümayiş etdirildiyi qalereyadır. Sözügedən məkan İçərişəhərdə olan “Galateya”nın daxilində yerləşir.

 

Sfera.az əməkdaşları kukla qalereyasında olub. Həmin məkanla bağlı təəssüratların oxucularımıza da maraqlı gələcəyinə inanırıq. Beləliklə... Əsasən uşaqların marağını cəlb edən bu məkan iki ildir, fəaliyyət göstərir.

 

Həmsöhbətimiz, “Galateya”nın meneceri Bəylərli Əhməd qalereyada 100-ə yaxın kuklanın nümayiş etdirildiyini deyir:

 

 

“Qalereyamız şəxsi kolleksiyalardan ibarətdir. Burada olan eksponatların hamısı əl işidir və təbii ipəkdən hazırlanıb. Əksəriyyəti çini kuklalardır və müxtəlif ölkələrdən gətirilib. Xüsusilə İtaliya, Latviya, Estoniya, Yaponiya, Ukrayna və Rusiyadan gətirilmiş kuklalar üstünlük təşkil edir”.

 

Müsahibimizin sözlərinə gprə, qalereya təkcə uşaqların deyil, həm də böyüklərin diqqətini çəkir:

 

“Uşaqlar üçün ən maraqlı personajlardan biri Estoniyadan gətirilən “Dovşan” kuklasıdır. Bu personaj “Alisa möcüzələr ölkəsində” filmindəki obrazdır. Ümumiyyətlə, fərqli zövqlər olduğuna görə hər kəs müxtəlif kuklalarla maraqlanır. Gün ərzində qalereyaya baş çəkən insanların sayı dəqiq bilinməsə də, kifayət qədər axın var. Sadəcə, restoranın yerləşdiyi ərazi İçərişəhərin qapalı hissələrində olduğuna görə çox adam qalereyanın varlığından xəbərsdizdir”.

 

Ə.Bəylərlinin sözlərinə görə, kuklalar təkcə yerli əhalinin deyil, həm də turistlərin diqqətini cəlb edə bilib:

 

“Kimisi qalereyamıza gələrək kuklaları müşahidə edir, kimisi foto çəkir və ya paylaşımlar edirlər. Kuklaların üzərində onların müəllifləri və hansı ölkədən gətirildikləri haqqında məlumatlar var. Bəziləri satış üçün nəzərdə tutulsa da, digərləri sadəcə, nümayiş üçündür”.

 

 

Müsahibimizdən kuklaların qiymətləri ilə bağlı məlumat əldə etmək istəsək də, bu barədə açıqlama verməkdən imtina etdi:

 

“Qiymətlər onları almaq istəyən şəxslərə fərdi olaraq bildirilir. Ümumiyyətlə isə insanları daha çox kuklaların hansı ölkədən gətirildiyi, hansı materiallardan hazırlandığı, ideyanın necə yarandığı maraqlandırır”.

 

 

Hazırda qalereyada təkcə kuklalar deyil, həm də rəsm əsərləri nümayiş etdirilir və eksponatların sayının artırılması nəzərdə tutulur.

 

Burada orjinal mirvarilərlə bəzədilən, ipəkdən geyindirilmiş, təbii saçları olan kuklalar var. Maraqlıdır ki, onlar yalnız gözəllik simvolu deyil, həm də hər bir eskponat müəyyən məna daşıyır. Qalereyaya kukla təqdim etmək istəyən şəxslər də məhz bunu nəzərə almalıdırlar.

 

“Bizim öz konseptimiz var və qəbul etdiyimiz kuklalar buna uyğun olmalıdır. Həm antik parçalarla bəzədilən, həm də təbii əl işi olan kuklalalara üstünlük veririk. Eyni zamanda bu personajların hansısa məna yükü daşıçası şərtdir”, deyə Ə.Bəylərli əlavə edib.

 

 

Qalereyada olan kuklalara əsasən əməkdaşlar nəzarət etsə də, burada kameralar da yerləşir. Onların təhlükəsizliyi məhz bu yolla qorunur:

 

“Kuklalar bizim üçün çox önəmlidir və loru dillə desək, heç də ucuz deyillər. Bu baxımdan, biz öncədən xəbərdarlıq edirik ki, qalereyaya gələn şəxslər kuklalara toxunmasınlar və ya ehtiyatlı olsunlar”.

 

Beləliklə, qalereyadan maraqlı fotoları təqdim edirik:

 

Günay Rəsulqızı

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR