"Kəramətlə söhbət vaxt itkisidir, Uluqbəyi mənə görə tanıyıblar..." - Tərlan Novxanı ilə MÜSAHİBƏ

"Kəramətlə söhbət vaxt itkisidir, Uluqbəyi mənə görə tanıyıblar..." - Tərlan Novxanı ilə MÜSAHİBƏ

"Təxəllüsün olub-olmaması o qədər də önəmli deyil. Onsuz da hər insan öz adı ilə tanınır. Sadəcə olaraq, eyni sahədə fəaliyyət göstərənlər arasında eyniadlı bir neçə nəfər ola bilər. İnsanlar bu zaman səhv sala bilərlər ki, söhbət hansı Tərlandan gedir. Təxəllüsü özümüz götürməsək belə, bunu bizə insanlar verir. Şairlər qədim zamanlardan öz yaşadığı bölgəyə görə təxəllüs götürüblər. Bu zaman onlar daha rahat tanınırdılar. "Novxanı" təxəllüsünü isə əslən novxanılı oluğuma və uşaqlığım Novxanıda keçdiyinə görə götürmüşəm. Məncə, təxəllüs olsa daha yaxşı olar, amma elə adlar var ki, onlara təxəllüs çox da ehtiyac olmur. Buna ustadlarımızdan Ağamirzəni, Ağa Səlim Çıldağı  misal göstərə bilərik.  Bildiyimiz ki, Ulu Öndər Heydər Əliyev Ağa Səlim Çıldağa "şöhrət" ordeni verib. Bu bizim sənətə olan dəyərin, qiymətin göstəricisidir.  Biz Özbəkistanda çıxış edən zaman Azərbaycan desəydik, hamı tanıyacaqdı, amma Azərbaycanın Novxanı kəndi tanınmırdı. Mən bu təxəllüslə oranı tanıtmağa xidmət etdim".


Bunu Sfera.az-a müsahibəsində meyxanaçı, müğənni, bəstəkar, aktyor, jurnalist Tərlan Novxanı deyib.


Onunla müsahibəni təqdim edirik:


- 13-14 yaşlarınızdan meyxana deyirsiniz, lakin jurnalistika ixtisasını seçmisiniz. Təhsilinizlə bağlı daha nə məlumat verə bilərsiniz?


- 14 yaşımdan həm meyxana deyirdim, həm də meyxananın sözlərini yazırdım. Mən həmin yaşlarda hiss edirdim ki, məndə istedad var. Köhnə meyxanaları dinləyirdim. Orta məktəbdə dərslərə o qədər də ciddi yanaşmırdım. Məhz bu baxımdan valideynlərim məni 9-cu sinifdən məktəbdən çıxardılar. Sonra Azərbaycan Dövlət Texniki kollecinin nəqliyyat ixtisası üzrə oxudum.15 yaşımdan toylara gedirdim. Kolleci bitirdikdən sonra incəsənət sahəsinə böyük bir marağım yarandı. Beləliklə, ali təhsil almağa qərar verdim. Rejissorluğa hazırlaşdım və istədiyim nəticəni əldə edə bilmədim. Balıma uyğun jurnalistika fakültəsinə qəbul oldum. Həmin dövrdən televiziyaya çox böyük marağım var idi. Bu marağıma da ən uyğun ixtisas jurnalistika idi.  O illərdə meyxana sənətində püxtələşmişdim. Hətta həmin dövrdə televiziyalarda meyxana yarışlarında iştirak edib, müəyyən nəticələr əldə etmişəm.


- Tərlan bəy, duet ortaqlarınız çoxdur. Onlardan biri də Şəbnəm Tovuzludur. Deyilənə görə, "Bimar" klipinin çəkilişi zamanı Şəbnəm Tovuzlunun həyat yoldaşının qısqanclığına görə, problem yaranıb. Eyni kadrda çox da yanaşı görünməmisiniz. Bu, doğrudur?


- Kim deyibsə, səhv deyib. Duet ortaqlarımdan içində ən çox kütləyə sahib olan müğənnidir. Azərbaycanlı müğənniləri nəzərdə tuturam. Çünki mənim özbək duet ortaqlarım da var. Duet ortaqlarımdan ən populyarının Şəbnəm xanım olmasına baxmayaraq, ən rahat iş gördüyüm müğənni o idi. Təbii ki, onun da çəkiliş zamanı müəyyən etirazlarının və nazının olması təbii haldır. Şəbnəm xanımla çəkiliş zamanı heç bir çətinlik çəkməmişəm. Şəbnəm xanımın yoldaşı da məni tanıyır. Biz Şəbnəm xanımla xaricdə toylarda, çəkilişlərdə olmuşuq. Dəfələrlə bölgələrimizdə də birgə çıxışlarımız olub. Heç bir qısqanclıqdan söz gedə bilməz. Həm də bir adam qısqanırsa, yoldaşını oxumağa qoymamalıdır. Təbii ki, kişi xanımını qısqanmalıdır.  Amma bu sahə elədir ki, bəzi şeyləri anlamalıdır. O bilməlidir ki, yoldaşının duet ortaqları və pərəstişkarları daima olacaq. Sadəcə çəkiliş zamanı bir-birimizi bəzi hallarda gözlətməyimiz problem ola bilər. Başqa heç bir sıxıntımız olmayıb. Duet ortağımın kimliyindən asılı olmayaraq, mən sərhədi qoruyuram.  Həm də bu, mənim tərzimə uyğun deyil. Bəlkə, hansısa reperə uyğun olar ki, klip zamanı tərəf müqabilə ilə normativ qaydaları aşsın. 

 

- Şairlər, yazıçılar çox vaxt meyxana sənətini alçaldırlar. Məsələn, Aqşin Yenisey deyir ki, meyxana mədəniyyətin alt qatıdır, Kəramət Böyükçöl isə bildirib ki, meyxanaya "küt"lə qulaq asır. Siz bu barədə nə düşünürsünüz?


- Hər bir kəsin öz şəxsi fikri və düşüncəsi var. Mən insanların fikirlərinə hörmətlə yanaşıram. Amma mənim sənətimi və sənətçiləri təhqir edə bilməz. Yanlız tənqid edə bilər. Hansı ki mənim sənətimi ucuz bilən insanlarla söhbət etməyi özümə yaraşdırmıram.Şairin, yazıçının günlərlə aylarla yazdığını biz bədahətən daha yaxşı deyiriksə, o düşüncədə olan insanlarla söhbət etmək vaxt itkisidir. O insanların düşüncəsi mənim üçün əhəmiyyyətli deyil.  Kəramət Böyükçölü tanıyıram. 3-4 il əvvəl bir verilişdə mübahisəmiz düşmüşdü. Məndən çox ustadım Oqtay Kamillə mübahisə etdi. Ustadım da layiqli şəkildə cavabını verdi.


- Qısqanc birisiniz? Ailənizlə bağlı heç bir şəkil paylaşmırsınız. Çox məlumat da yoxdur. Səbəbi nədir?


- Hər kişidə qısqanclıq hissləri var. Mənim üç övladım var. İkisi oğlan, biri qızdır. Böyük oğlum hazırda Türkiyədə təhsil alır. Qızımın 15, kiçik oğlumun isə 2 yaşı var.  Oğullarımın şəklini paylaşa bilərəm. Amma yoldaşımla qızımın şəklini paylaşmağı düzgün hesab etmirəm. Kişi ona məxsus olanları paylaşmaz. Yoldaşım ictimai bir işdə çalışsaydı və tanınmış sima olsaydı, paylaşmaq olardı.


- Həqiqi dostluq münasibətiniz olan meyxaçılar varmı?


- Bir çoxu ilə münasibətim var. Amma dost deyiləm. Yol yoldaşlığı etdiyim, xətrini çox istədiyim meyxanaçılar var.


- Meyxanaçılarla aranızda toy tutmaq üzrə mübahisəniz olub?


- Mən toylara mahnılarımı oxumağa dəvət alıram. Toy tutmaq üzrə mübahisəyə ehtiyac yoxdur. Məni toya meyxanadan çox, mahnı oxumaq üçün dəvət edirlər. Elə məclis də olur ki, sırf meyxana demək üçün çağırırlar. Meyxana deyən zaman çalışıram ki, müəyyən çərçivələri qoruyub saxlayım. Xoşagəlməz hadisələr yaşanmasın deyə məclislərdə digər meyxaçıların üstünə çox getmirəm. Sensasion hadisələrə qoşulmağı sevmirəm. Amma olsa belə, öhdəsindən gəlməyi bacarıram.


- Tanınmış meyxanaçılardan və yaxud müğənnilərdən hər hansı biri ilə yeni layihə gözlənilirmi?


- Meyxanaçılarla heç bir layihəm yoxdur. Təkliflər olub. Tanınmayan, yeni meyxana deyən şəxslərdən duet üçün çoxlu təkliflər almışam. Təklifi qəbul etmədiyim zaman isə populyar olmadıqları üçün onlarla iş görmədiyimi düşünürlər. Amma elə deyil. Sadəcə uyğunluq məsələsi var. Yaxın gələcəkdə meyxanaçılardan təklif olsa, təklifə uyğun iş görmək olar. Müğənnilərlə isə yeni layihələr var. Konkret olaraq özbək və iran müğənnisi ilə yeni layihə olacaq. 


- Meyxanaçılardan kimləri özünüzə ustad görürsünüz?


- Oqtay Kamil ustadım olub. Mehman Əhmədlini, Vüqar Əbilovu, Ağamirzəni özümə ustad bilirəm. Namiq Qaraçuxurlunu da qeyd etmək istəyərdim. Sənət baxımından ondan nəsə öyrənməmişəm amma xoş münasibətimiz var. Ondan səhnə mədəniyyətini, səhnədə çıxış qaydalarını öyrənmişəm. Yazdığı və oxuduğu mahnıları da çox bəyənirəm. 


- Hansı müğənni ilə duetə görə peşman olmusunuz?


- Göstərdiyim sənətə görə heç vaxt peşman olmuram. Sadəcə o insanı şəxsən tanıdığıma görə peşman ola bilərəm, amma gördüyümüz işə görə yox.
Bu işdə mənim adım və xidmətim var. İstəyir o insan üzümə ağ olsun və yaxud mənim sayəmdə tanınsın, bunun mənim üçün önəmi yoxdur.  
Həm də tərəzi bürcüyəm. Bir qərarı çox çətinliklə verirəm. Bu baxımdan bir qərar verib iş görmüşəmsə, peşman olmaram. Hətta elə olub ki, müğənnidən pul alıb duet oxumuşam. Buna görə niyə peşman olmalıyam ki? İndi deyəcəklər Tərlan sənəti aşağı salır. Xeyr, mən pul alsam da, yaxşı iş ərsəyə gətirmişəm.


- Buna bənzər bir hadisə başınıza gəlib. Duet ortağınız Nigar Şabanova "Rəngarəng" verilişinə telefon bağlantısı ilə qoşularaq artıq sizinlə duet oxumaq istəmədiyini bildirib. Buna münasibətiniz necədir?


-İlk dəfə idi ki, muğam ifaçısı ilə duet oxuyurdum. Bu iş hər ikimiz üçün də çox uğurlu alındı. Mənimlə bağlı hər hansı bir şəxsi problemi olmayıb. Ola bilsin ki, onun ustadlarından meyxanaçı ilə duet oxuduğuna görə irad gəlib. İndinin özündə də dostluğumuz var. Mən onu başa düşürəm və qınamıram. Muğam sevənlər Nigarı tanıyırdı, amma kütlənin çoxu mənlə olan duetindən sonra tanıyıblar. 


- Deyilənə görə, meyxanaçılar çox qazanırlar. Aylıq qazancınız nə qədərdir?


- Aylıq qazancdan çox, xərclərim olur. Stabil bir pul qazanmırıq. Saat 9-dan 6-ya qədər iş rejimində çalışmırıq ki, aylıq qazancımız eyni olsun. Məsələn qarşıdan Məhərrəm ayı gəlir və toylar olmayaq. Bu isə qazancımıza mənfi təsir göstərir.  Amma yenə də qazanacağıq. Toy yerinə, ad günü çəkilişləri və reklamlar olacaq.Qazancımız bəlli deyil. Sadəcə mövsüm məsələsi var. Toy mövsümlərində yaxşı qazanırıq. Qazandığım pulun yarı faizi özəl işlərimə sərf olunur. Məsələn, geyimlərimə də xüsusi büdcə ayırıram. Verilişə bir dəfə geyindiyim geyimi təkrar geyinə bilmərəm. 


- Özbəkistana dəvət olundunuz və özbək müğənnisi Uluqbəy Raxmatullayev ilə duet oxudunuz. Uluqbəyi sizi məşhur etdi, yoxsa siz Uluqbəyi?


- Uluqbəy zatən məşhur idi. O, Özbəkistanın Əməkdar artistidir. Milyonlarla izləyicisi və sevəni var idi. Sadəcə Uluqbəy Raxmatullayevi Azərbaycanda heç kim tanımırdı. Bu gün də soruşsan, bəlkə, tanımazlar. Amma Tərlanla Özbəkistanda duet oxuyan müğənni deyəndə hər kəs tanıyacaq. Uluqbəyin Azərbaycanda tanınmasına səbəb mən olmuşam. Ümumilikdə götürəndə məni məşhur edən Özbəkistandakı konsert olub. Bizi bağlayan bağ mənim yazdığım “O gözəl yar” mahnısı idi. Həmin mahnını sonra Ədalət Şükürov da ifa edib.

 

- O vaxtlar Özbəkistanda olan konsertinizi paylaşmaq üçün bir sıra məşhurlara müraciət etmisiniz, amma paylaşmayıblar. İndiki Tərlan Novxanı onlara nə demək istəyərdi?


- Ərkim çatan bir neçə nəfərə müraciət etdim ki, konserti paylaşsınlar. O dövrdə ən populyar müğənnilərindən olan Ədalət Şükürovla münasibətim var idi və ona müraciət etdim. O, mənə konsertin köhnə olduğunu dedi. Mən isə ora yeni gedib qayıtdığımı izah etdim. Yeni olduğunu bildikdən sonra dəstəyini əsirgəmədi. Bundan başqa iki nəfərə də ağız açmışdım. Onlar da məni həqiqi mənada yola verdilər. O ərəfədə “ATV Magazin” və “Lider Magazin” proqramları həmin konserti paylaşmışdılar. Özbəkistandakı konsert "YouTube"a yerləşdirildikdən sonra heç bir tanışlığmın olmadığı Ayan Babakişiyeva öz instagram səhifəsində həmin konserti paylaşdı. Mənim üçün bu, böyük bir dəstək idi. Beləliklə onunla dostluğumuz yarandı. Kamil Zeynallı da öz səhifəsində paylaşım edərək dəstək oldu. Bir çox insan da onun sayəsində məni tanıdı. Rejissor Nail Naiboğlu, "Dünya" televiziyası da o vaxtlar böyük dəstək göstərdilər. Tanındıqca və populyarlaşdıqca heç kimə ağız açmağa ehtiyac duymadım.


- Meyxana haqqında mənfi imic formalaşıb. Buna səbəb nədir?


- Bir şey inkişaf edəndə onu baltalayan çox olur. Yəni həmin şeyin mənfi tərəfləri daha çox nəzərə çarpır. Bu isə bizim sənətçilərin boşluğudur. Meyxanaçılar arasında olan mübahisələr paylaşılır deyə belə bir fikir formalaşıb. 


- Aktyorluğa olan marağınız necə yarandı?


- Tanınırdım deyə seriallardan təklif aldım. Mən də həmin təklifləri dəyərləndirdim. "Dünya" televiziyasında “Çətin həyat” və ATV-də “Aldanmış hisslər” teleserialında rol aldım. O qədər güclü seriallar deyildi. Ortabab bir iş alınmışdı. Aktyorluğa həvəsim var, amma bu gün hər filmə çəkilmərəm. O dövrdə efirlərə can atırdım deyə həvəsim çox idi. Bu gün hansısa filmə çəkilsəm, ssenarisinə və qazanacağım pula baxaram.


- Uluqbek mahnınız üçün pul təklif edəndə qəbul etməmisiniz. Bəs indiki halda hansısa xarici müğənni mahnınızı oxumaq və yaxud almaq istəsə, pul təklifini qəbul edərsinizmi?


- Baxır müğənniyə. Elə müğənni ola bilər ki, onun mahnımı oxuması mənim üçün şərəf demək olar. İmkanı olmayan müğənninin də sənətini dəyərləndirərəm.  Amma görsəm ki imkanlı müğənnidir,  pul tələb edərəm. 


- Xüsusi marağınız olan əşya varmı?


- Əvvəllər saata marağım var idi. Evdə bir neçə bahalı saatım var. Tez-tez maşın dəyişən biri olmuşam, amma bu, sadəcə pul itkisidir. Hər dəfə maşın dəyişəndə çoxlu pul itirmişəm. Çox bahalı maşın da sürmüşəm. İndi isə orta qiymətli maşın sürürəm. 


- Meyxanaçılar arasında üzə gülüb arxadan quyu qazanlar var?


- Tək meyxanaçılar arasında yox, bütün insanlar arasında elələri var. Ətrafımızdakı dost-tanışın içində də çoxdur.


- Sənətinizin müsbət və mənfi cəhətləri hansılardır?


-Müsbət tərəfi insanlar tərəfindən sevilməkdir. Mənfi cəhəti isə bəzi kütlələrin bizi düzgün tanımamasıdır. Sənət insanı məşhur edir.  Bəzən isə kimlərsə məşhurluğu qısqanır. 


Ülkər Abdurahmanlı

Foto:Anar Bayramlı

 

 


 


OXŞAR XƏBƏRLƏR

MM Aparatının sabiq rəhbəri II Fəxri xiyabanda DƏFN OLUNDU

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb. &...

Prezident və birinci xanım Səfa Mirzəyevin dəfninə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyevin dəfninə əklil göndərib. ...

Azərbaycanda nikah yaşı üzrlü səbəblərə görə də 1 il AZALDILMAYACAQ

Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə ...

Ağadadaş Ağayevi döyən mühafizəçini bu cəza gözləyir - Hüquqşünas AÇIQLADI

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirməsinin görüntüləri yayılıb. Görüntülərd...

Ateist olan MƏŞHURLAR - ADLAR

Bir sıra məşhurlar var ki, onlar öz fikirləri ilə ateist olduqlarını açıqlayıblar.   Sfera.az Türkiyənin həmin məşhurlarını təqdim edir: &nb...

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 24-dən hava şəraiti dəyişir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildirilib...