Manatın qonşu ölkə valyutalarına nisbətən bahalaşması iqtisadiyyata necə təsir edir? - TƏHLİL

Manatın qonşu ölkə valyutalarına nisbətən bahalaşması iqtisadiyyata necə təsir edir? - TƏHLİL
Regionumuzun aparıcı ölkələrində milli valyutaların ucuzlaşmasının Azərbaycanın xarici ticarət vəziyyətinə güclü təsir edəcəyi ilə bağlı narahatçılıq artmaqdadır. Son vaxtlar türk lirəsinin, rus rublunun, belarus rublunun, gürcü larisinin, avronun, ingilis funt sterlinqinin, hətta çin yuanının dollara nəzərən ucuzlaşması müşahidə edilir. Azərbaycan manatının məzənnəsi dollara nəzərən müəyyənləşdiyinə və uzun müddətdir ki, dollar/manat kursu sabit qaldığına görə həmin valyutalar manatla müqayisədə də ucuzlaşır. Belə olduqda xarici ticarətdə tərəfdaş ölkələr Azərbaycana nisbətən qiymət üstünlüyü əldə edir.

Sfera.az bildirir ki, son ayyarımda avro/manat kursu 2,9 faiz, belarus rublu/manat kursu 1,52 faiz, rus rublu/manat kursu 3,5 faiz, lirə/manat kursu 13,5 faiz, gürcü larisi/manat kursu 4 faiz, çin yuanı/manat kursu 1,52 faiz düşüb. Başqa şəkildə ifadə etsək müqayisə edilən dövrdə manat həmin valyutalara qarşı bahalaşıb.
 
İqtisadi baxımdan pulu ucuzlaşan ölkələrdə məhsulların dəyəri də aşağı düşdüyündən onların ixracı artır, idxalı azalır. Pulu sabit qalan və ya bahalaşan ölkələrdə isə əks proses baş verir, həmin ölkələrə idxal artır, ixrac azalır.
 
Azərbaycan manatı dolların bahalaşması ilə paralel olaraq digər valyutalara nisbətən bahalaşdığına görə bu vəziyyətdə narahatçılıq yaradan əsas məsələ ölkəmizdən ixracın da azalması ehtimalıdır.
 
Bəs, həqiqətənmi manatın bahalaşması Azərbaycanın xarici ticarətinə ciddi təsir edir, ölkəmizin ixracının azalması və idxalının nəzərəçarpacaq dərəcədə artması ehtimalı var?
 
Məzənnə dəyişikliyinin xarici ticarətə təsir imkanı var. Lakin bu qayda Azərbaycan kimi ixracı çoxçeşidli olmayan, əsasən xammaldan ibarət olan ölkələrə aid deyil. Hansı ölkələrin ixracında olan daha çox malın dəyəri həmin ölkədə müəyyənləşirsə, məzənnə dəyişikliyi bu ölkələrin ixracına təsir göstərir.
Azərbaycanın ixracına diqqət yetirdikdə görürük ki, ixrac etdiyimiz malların 95 faizinin dəyəri ölkəmizdə müəyyənləşmir. Gömrük məlumatlarına əsasən ixracımızın 88,12 faizi neft-qaz sektoruna aid olan mallardan ibarətdir. Bu malların dəyəri təbii qaz istisna olmaqla dollarla beynəlxalq birjalarda müəyyənləşir. Təbii qazın dəyəri isə neftin qiymətinə uyğun olaraq ikitərəfli şəkildə razılaşdırılır. Deməli, təbii qazın qiyməti də beynəlxalq birjalardakı neft qiymətlərindən asılıdır.
 
Azərbaycanın ixracının 12 faizə yaxını qeyri neft-qaz məhsullarıdır. Bu məhsulların da bir çoxunun dəyəri beynəlxalq birjalarda dollarla müəyyən olunur. O cümlədən qeyri-neft ixracının 13,6 faizini təşkil edən pambığın, ixracın 8,3 faizini təşkil edən alüminiumun, ixracın 4,4 faizini təşkil edən qara metalların dəyəri beynəlxalq birjalarda müəyyənləşir.
 
İxrac etdiyimiz qeyri neft-qaz mallarının bəzilərinin dəyəri manatla müəyyən olunsa da burada da xarici bazarda formalaşan qiymətlərin təsiri var. Həmin məhsulların dəyəri formalaşan zaman xarici bazarlardakı qiymət dəyişikliyi nəzərə alınır. Məsələn, qeyri neft-qaz ixracımızın 20-25 faizini meyvə-tərəvəz təşkil edir. Meyvə-tərəvəzin 90 faizindən çoxunu Rusiyaya satırıq. Rusiyada qiymət səviyyəsi məzənnə ilə yox, ölkədəki tələblə müəyyənləşir. Hansı ölkənin məhsuluna tələb güclüdürsə, qiymətdən asılı olmayaraq, bu ölkənin mallarının alışı artır. Azərbaycanın meyvə-tərəvəzinə Rusiyada yüksək tələb olduğundan hətta qiymətlər artıqda belə onların ixracı azalmır.
 
Məhz bununla əlaqədardır ki, Rusiyanın ən baha meyvə-tərəvəz aldığı ölkələrin başında Azərbaycan gəlir.
 
Burada bir incəliyi də nəzərə almaq vacibdir. Azərbaycan çoxlu sayda məhsul ixrac etmədiyi kimi ixrac bazarları da çeşidli deyil. Ölkəmizdən qeyri neft-qaz mallarının əsas alıcısı Türkiyə və Rusiyadır. Təcrübə göstərir ki, bu ölkələrə ixracımız yalnız neft ucuzlaşdıqda və ya qlobal iqtisadi böhran yaşandıqda azalır. Belə ki, 2013-cü ildə qeyri-neft ixracımız 1,95 milyard dollar olduğu halda neftin kəskin ucuzlaşmasından sonra 2016-cı ildə 1,1 milyard dollara qədər geriləyib. Yalnız neftin bahalaşmasından sonra qeyri-neft ixracımız 2019-cu ildı 1,96 milyard dollar səviyyəsinə qayıdıb.
Deməli, manatın kursunun ixracımızın artımına ciddi təsiri yoxdur. Manat ucuzlaşdıqda, əksinə, ölkəmizdə ciddi sosial problemlər yaranır, iqtisadi tənəzzül baş verir. Buna görə də Azərbaycanın mövcud iqtisadi imkanları nəzərə alınarsa ölkəmiz üçün sabit manat daha əlverişlidir.
 
Vasif
 Sfera.az
 
  
  
 
 

OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...