Makronun gözlənilməz məktubu nəyə hesablanıb? - Açıqlama

Makronun gözlənilməz məktubu nəyə hesablanıb? - Açıqlama
"Azərbaycan hər zaman Fransa ilə münasibətlərin normal olmasına çalışsa da, bu ölkə Ermənistan-Azərbaycan arasındakı gərginliklə bağlı həmişə ermənilərin tərəfini saxlayıb”.

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Məmmədov Makronun ölkə başçısına göndərdiyi məktubdan danışarkən bildirib.
 
Millət vəkili qeyd edib ki, məktubda Fransa prezidenti yenidən "hərbi əsirlər” ifadəsini işlədib: "Azərbaycan həm prezident, həm də Xarici İşlər Nazirliyi , Müdafiə Nazirliyi səviyyəsində dəfələrlə bəyan edib ki, bizdə hərbi əsir yoxdur. Həbsdəki ermənilər cinayətkarlar, təxribatçılardır. Hərbi əsir müharibə dövründə olur, ondan sonrakı dövrdə mənim ərazimdə ermənilərin nə işi var? Eyni zamanda məktubda "ATƏT-in Minsk qrupunun həmsədri” ifadəsi də yer alıb. Fransa həmsədr ölkə olmasına baxmayaraq, ermənipərəst mövqeyi ilə seçilib. Onlar nə deyibsə, sözügedən ölkə də onu deyib. Azərbaycan-Ermənistan arasında olan münasibəti yalnız bu iki dövlət həll etməlidir. Burada üçüncü qüvvənin iştirakına ehtiyac yoxdur. Onsuz da Rusiya üçüncü qüvvə kimi sülhməramlıları ilə ərazidə iştirak edir”.

E.Məmmədov bildirib ki, Makronun Paşinyanla ötəngünkü görüşündən sonra məktub göndərməsi də qəribədir: "Nə düşündüklərini, hansı pərdəarxası fikirlərinin olduğunu özləri bilərlər. Lakin Azərbaycan Fransaya qarşı həmişə səmimi olub. Eyni addımı onlardan da gözləyirik – əməkdaşlıqda qeyri-səmimi, riyakar, saxtakar olmasınlar. ATƏT-in Mİnsk qrupuna gəlincə isə, onu fəallaşmasının tamamilə əleyhinəyik”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR