Mahir Qurbanov: \"İsrail Azərbaycan üçün əsas strateji tərəfdaşlardan biridir\"
15:04 / 12.04.2021
1079
Avropa Azad Mətbuat Mərkəzi - "HorraPress" Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümünə həsr olunmuş məqalə dərc edib.
Məqalədə Qafqaz- İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Azərbaycanın İsrail ilə xüsusi münasibətlərindən bəhs edib.
"İsrail Azərbaycan müstəqilliyini 29 il bundan əvvəl tanıyan ilk ölkələrdən biri olub və bu fakt çox yüksək dəyərləndirilir. İsrail - Azərbaycan münasibətləri strateji xarakter daşıyır, dövlətlərarası, siyasi və hərbi - texniki tərəfdaşlığımız isə ən yüksək səviyyədədir", - deyə Mahir Qurbanov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam yaşadığı yeganə ölkədir:
"Bu, Qubadakı Qırmızı Qəsəbədir. Bu qəsəbənin sakinləri əsrlərdir ki, Qubada yaşayan dağ yəhudiləridir.
Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, aşkenazi yəhudiləri və Gürcüstan yəhudiləri icmaları mövcuddur. Azərbaycanda 12 minə yaxın dağ yəhudisi, 5 minə yaxın aşkenaz yəhudisi var. Gürcüstan yəhudiləri təxminən 700 nəfərdir.
1982-ci ildə Bakıda ilk yəhudi məktəbi - Soçnut fəaliyyətə başlamışdır. Azərbaycanla İsrail arasında münasibətlər ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə demək olar ki, bir çox sahələrdə daha da dərinləşmişdir.
Prezident İlham Əliyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş zamanı məhz Azərbaycanda yaşayan yəhudi icmasının ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında fəal rol oynadığını vurğulayıb.
2016-cı ilin dekabrında Azərbaycana səfər edən İsrailin Baş naziri Benyamin Netanyahu öz çıxışında qeyd etmişdir ki, Azərbaycanla münasibətlər çox yaxındır və bu səfərdən sonra daha da yaxın olacaqdır.
Bu strateji əlaqələr həm ticarət və təhlükəsizlik məsələlərində, həm də mədəni və təhsil mübadilə programlarında da inkişaf etdirilir.
Yəhudilər və azərbaycanlılar uzun əsrlərdir sülh və dostluq şəraitində yaşayırlar. Hətta 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan İsrail cəmiyyətinin səmimi dəstəyini gördü.
Bunu da qeyd etmək lazımdır ki, yəhudi icması cəmiyyətimizin çox fəal bir hissəsidir".