\"Lapis Lazuli\" milli məhsullarımızın birbaşa Hind okeanına çıxışını təmin edə bilər\"

\
 Ötən həftə Türkiyə 2017-ci il noyabrın 15-də Aşqabadda (Türkmənistan) Azərbaycanın da iştirakı ilə imzalanan tranzit və nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişi ("Lapis Lazuli" marşrutu haqqında saziş) təsdiqlədi.

Bəs bu marşrut Azərbaycanın qarşısında hansı perspektiv imkanlar açır?

Bu barədə açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, "Lapis Lazuli" marşrutu Azərbaycanın dəmir yolu ilə Hind okeanının ən böyük limanlarından olan Karaçiyə çıxışını təmin edə bilər:

"Yükdaşımaların istənilən istiqamətdə məhz dəhliz çərçivəsində daşınması mühüm əhəmiyyət daşıyır. Bu, vahid tarif, nəzarət və tənzimlənmə mexanizmləri deməkdir. Ona görə ölkəmizin müxtəlif marşrutların iştirakçısı olması təkcə buna görə mühüm əhəmiyyət kəsb edir. Lakin "Lapis Lazuli"nin potensial imkanları, əlbəttə ki, bununla məhdudlaşmır. Dəhliz əlavə tranzit yüklərinin cəlb edilməsini və Azərbaycan məhsullarının yeni bazarlara çıxışını təmin edəcək. Bütün bunlar mövcud imkanlardır. Ancaq az əhəmiyyətli olmayan dəhlizin gələcək perspektivləridir. Burada isə geniş imkanların açıla biləcəyini deyə bilərik. Dəfələrlə qeyd edilib ki, digər ölkələr tərəfindən dəhlizə maraq var. Əfqanıstan və Pakistan arasında tarixən mədəni və iqtisadi bağların olduğunu nəzərə alsaq, sonuncunun perspektivdə bu dəhlizin iştirakçısına çevriləcəyi istisna edilmir. Bu isə o deməkdir ki, Azərbaycan Hind okeanının ən iri limanlarından olan Karaçi limanına dəmir yolu ilə birbaşa çıxış əldə etmiş olacaq. Pakistan dünyanın ən iri iqtisadiyyatlarından birinə çevrilmək potensialına malik ölkələrdəndir. Azərbaycan məhsullarının belə bir bazara bir nəqliyyat növü ilə tez və daha ucuz qiymətə daşınması ölkəmizə əhəmiyyətli iqtisadi dividendlər vəd edir".

Xatırladaq ki, "Lapis-Lazuli" beynəlxalq nəqliyyat dəhlizinə dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb. 2018-ci ilin dekabrın 13-də "Lapis Lazuli" xəttinin Əfqanıstan prezidenti Əşrəf Qaninin iştirakı ilə birinci mərhələsinin açılışı oldu və 175 ton pambıq, quru meyvələr, toxum bu dəhliz vasitəsilə göndərildi.

OXŞAR XƏBƏRLƏR