Laçın 18 mayı azad qarşılayır: \"Bu gün hamı bir-birini təbrik edir\"
11:39 / 18.05.2021
2328
18 may tarixi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etdiyi gündür. Düz 28 il boyunca bu qara tarixi işğal günü olaraq qeyd etmişik. Artıq Laçın Ermənistan Silahlı qüvvələrinin nəzarətində deyil. Bu il ilk dəfədir, Laçın 18 mayı azad qarşılayır.
Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə Sfera.az-a danışarkən bu günlə bağlı təəssüratlarını bölüşüb. O xatırladıb ki, Laçın ermənilərin məcbur olaraq imzaladıqları müqavilənin şərtlərinə uyğun olaraq işğaldan azad edilib:
"Bu rayonlar içində təbii ki, Laçının özünəməxsus yeri var. Azərbaycanın 44 günlük müharibəsində Prezident İlham Əliyev və müzəffər ordumuz sayəsində biz 29 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı, eləcə də Laçın rayonunu geri ala bilmişik. Fikir versəniz, müharibədə apardığımız siyasət nəticəsində, Azərbaycan ordusunun gücü sayəsində işğal altında olan torpaqların bir qismi azad edildikdən sonra, ermənilər məcbur olub müqaviləyə imza atdılar və bu müqavilənin şərtlərinə uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonu erməni işğalından azad edildi.
Yəni burada bir məqamı qeyd etmək istəyirəm ki, biz əgər digər torpaqları şəhid verərək, böyük mübarizə nəticəsində əldə edə bildiksə, bu siyasətin nəticəsi olaraq Ağdamı, Kəlbəcəri, Laçını bir güllə atmadan, bir şəhid vermədən geri qaytara bildik. Bu məqam çox ciddidir. Çünki hamı bilir ki, müharibə şəhid, qazi, dağıntılar deməkdir. Amma Prezidentin apardığı siyasət nəticəsində torpaqların bir qismini müharibə yolu ilə, digər qismini isə erməniləri məcbur edərək, sənədə qol çəkdirərək şəhid vermədən, gülə atmadan qaytardıq”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov satımıza açıqlamasında qeyd edib ki, Laçın rayonunun işğaldan azad edilməsi, Vətən müharibəsinin hərbi-siyasi nəticələri sırasında mühüm yer tutur:
"Əlbəttə, işğalçıların güclü Azərbaycan ordusu qarşısında davam gətirmələri mümkün deyildi, lakin, mürəkkəb təbii coğrafi şəraiti, ermənilərin 28 il ərzində əlverişli mövqelərdə möhkəmlənməsi nəticəsində Laçının azad olunma prosesi yüzlərlə hərbçimizin həyatı bahasına başa gələcəkdi. Ermənilər bunu özləri də gözəl bilirdi. Lakin, prezident İlham Əliyevin müzəffər komandanlığı altında ordumuzun rəşadəti, habelə, dövlət başçısının qətiyyəti sayəsində Ermənistan rəhbərliyi, o cümlədən hərbi komandanlığı kapitulyasiya şərti kimi Laçını bir güllə atmadan azad etməyə məcbur oldular.
Tam məsuliyyətlə demək olar ki, Laçının işğaldan azad edilməsi ikiqat zəfərdir, daha dəqiq desək, hərbi-siyasi qələbədir. Artıq bölgədə sabitlikdir, münaqişə bitib, güc bizdədir, diqtə edən Azərbaycandır. Artıq təqvimimizdə Laçının işğalı yox, işğaldan azad olunduğu gün var. 28 ildə ilk dəfədir ki, biz bu günə tarixə azad Laçınımızla birgə daxil oluruq. İşğal tarixini təqvimdən çıxarsaq da, yaddaşımızdan çıxarmamalıyıq, çünki, bizim bəlalarımızın kökündə dayanan amillərin sırasında ilk yerlərdən birini yaddaşsızlığımız, daha doğrusu, qan yaddaşımıza səthi yanaşmağımız olub. Prezident də dəfələrlə vurğulayıb ki, gənc nəsil tarixi bilməlidir, bu mənada Laçında işğal nəticələrinin izlərini müəyyən yerlərdə qan yaddaşımız kimi, qoruyub gələcək nəsillərə çatdırmalı, habelə, ermənilərin bu rayonda törətdiyi vandalizmi, vəhşiliyi dünya ictimaiyyətinə əyani olaraq göstərməliyik.
Millət vəkili Ceyhun Məmmədov saytımıza açıqlamasında dedi ki, hər il mayın 18-ni Laçının işğalı günü kimi qeyd etsək də, bu gün hamı bir-birini təbrik edir:
"Biz bu günü işğal günü kimi qeyd etmirik və sevinirik ki, Laçın yenidən öz sahiblərinə qayıdıb. Həqiqətən də möhtəşəm hisslərdir. Azərbaycan xalqı səbrsizliklə bu günü gözləyirdi. Biz hər il mayın 8-i Şuşanın, 18-i Laçının işğal gününü qeyd edir, hər il bu ab-havada olurduq. Bu gün tamamilə fərqli ab-havadır, bu torpaqların yenidən bizim olduğuna sevinirik. Məhz buna görə də xalqımız bir-birini təbrik edir.
Uzun illərdir bu cür sevinə bilmirdik. Lakin şükür ki, Ali Baş Komandanın rəhbərliyi ilə bu günləri yaşayırıq. Xalqımız buna mövcud birlik və həmrəylik sayəsində nail olub. İnanırıq ki, bütün insanlarımız öz dədə-baba yurduna qayıdacaq və orada həyat öz axarına düşəcək”.
Günay
Sfera.az