Küçəyə atılan uşaqlar... – Onların sonrakı taleyi necə olur?
13:49 / 04.03.2021
770
Uşaqları qorumaq, sevgi vermək hər bir
valideynin borcudur. Lakin bəzən valideyn məsuliyyətsizliyinin də şahidi
oluruq. Bir qism övlad sahibi olmaq
arzusu ilə yaşadığı halda, kimlərsə doğma uşağından imtina edir. Elə ötən gün
küçəyə atılan 5 yaşlı Nərgiz kimi...
O, Nərimanov RPİ əməkdaşları tərəfindən
tapılaraq Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq
Sığınacağı-reinteqrasiya Mərkəzinə təhvil verilib.
"Azərbaycan Uşaqları" İctimai
Birliyinin sədri Kəmalə Ağazadə Sfera.az-a hazırda küçəyə atılan uşaqların çox olmadığını bildirib: "Müşahidələrimiz onu
göstərir ki, artıq qınaq olduğuna görə
bundan ehtiyat edirlər. Amma hələ də bu kimi hallar var. Roma qrupu kimi
tanıdığımız qaraçı uşaqlarını yenə də küçələrdə görürük. Atılmasalar da, qazanc
əldə etmək üçün elə onlar da atılmışlar kateqoriyasına düşürlər. Valideynlərin
uşaqlarından imtina etməsi ilə bağlı müxtəlif səbəblər var. Baxımsızlıq, diqqətsizlik,
maddi vəziyyətinin normal olmamasını əsas gətirmə halları ilə rastlaşırıq”.
Müsahibimiz küçəyə atılan uşaqların aqibətindən
də söz açıb: "Əgər küçədə aşkarlanmış uşaq müəssisəyə yerləşdirilirsə və
valideyn hüquqları məhdudlaşdırılırsa, bu uşaqlar sığınacaqda realibitasiya
keçdikdən sonra bir qayda olaraq dövlət uşaq müəssisələrinə yerləşdirilməsi
üçün icra hakimiyyətlərinin sərəncamları əsasında müəssisələrə istiqamətləndirilir.
Bir çox hallarda isə valideynlər öz səhvlərini başa düşürlər. Əgər uşağa ailədə
zorakılıq törədilməyibsə, bu uşağın küçəyə düşmə səbəbi ailədəki şiddət , təcavüzdən
irəli gəlməyibsə, o zaman valideyn hüquqları ona izah olunur. Bundan sonra uşaq
ailədə yaşamağa davam edə bilər. Əks hallarda isə valideyn hüquqları məhdudlaşdırılaraq,
uşaq dövlət tərəfindən nəzarətə alınır”.
Qeyd edək ki, Konstitusiyanın 17-ci maddəsinə
görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər bir valideynin
borcudur.
Günay Rəsulqızı
Sfera.az