Kreml ABŞ-ı “arxa bağçası”na soxulacağı ilə hədələdi – Kuba və Venesuela şantajı işə yarayacaqmı?

Kreml ABŞ-ı “arxa bağçası”na soxulacağı ilə hədələdi – Kuba və Venesuela şantajı işə yarayacaqmı?
"Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Moskva onun təhlükəsizlik təkliflərini rədd edən ABŞ və NATO-ya qarşı Kuba və Venesuelada qoşun yerləşdirə bilər. Kremlin xarici siyasətinin əsas isimlərindən olan Ryabkov demək istəyib ki, Vaşinqton və Brüssel Ukrayna ilə bağlı Moskvanın tələblərini yerinə yetirməsə, Rusiya ABŞ-ın yaxınlığında hərbi bazalar və ya orta mənzilli raketlər yerləşdirəcək”.

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq hesab edir ki, Kremlin mesajı aydındır:

"Mesaj budur - sən mənim arxa bağçamda hərbi bazalar yerləşdirəcəksənsə, mən də sənin arxa bağçanda hərbi bazalar yerləşdirəcəm. Rusiya özünü yenə Amerika ilə müqayisə edir. Birincisi, Kiyev özü istəyir ki, Ukrayna NATO-nun üzvü olsun, ölkədə Amerikanın hərbi bazaları yerləşdirilsin. Kuba və Venesuelanın Rusiya hərbi bazalarının yerləşdirilməsi ilə bağlı istəyi səslənibmi, yoxsa Kreml bu ölkələrin əvəzinə danışır? İkincisi, keçmiş SSRİ bir dəfə Amerikanın yan-yörəsində - Kubada nüvə başlığı daşıya bilən raketlər yerləşdirmək istədi, Vaşinqtonun təzyiqi nəticəsində raketlərini yığışdırdı.
 
Eyni tale Rusiyanı da gözləyir. Kubada rejim əvvəlki olsa da, fiqurlar dəyişib və yeni simalar çətin ki, Rusiyanın raketlərinə görə ABŞ-la münasibətləri indikindən daha çətin vəziyyətə sürüklənməkdə maraqlı olsun. Elə Venesuelanın özü də ağır vəziyyətdədir, iqtisadi göstəriciləri yerlə sürünür, müxalifət zaman-zaman hakimiyyəti sıxışdırır. Belə olan halda Venesueladakı solçu rejim Rusiyanın raketlərinə görə daxildə və xaricdə əlavə gərginliklə üzləşmək istəyərmi?”
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR