Kredit kartları ilə əməliyyatlar kəskin artıb - SƏBƏB
13:49 / 21.06.2021
1504
2021-ci ilin yanvar-aprel ayları ərzində kredit kartları ilə aparılan əməliyyatların həcmi son 3 ilin ən yüksək səviyyəsinə çatıb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 4 ayında kredit kartları ilə 650 milyon manat dəyərində əməliyyat aparılıb. 2018-2020-ci illərin əvvəlində belə yüksək əməliyyat göstəricisi qeydə alınmamışdı.
Kredit kartları ilə əməliyyatların artmasına ev təsərrüfatlarına ödəniş kartları vasitəsilə verilən kreditlərin həcminin artması kömək edib. Mərkəzi Bankın məlumatına əsasən, ev təsərrüfatlarına 2018-ci idə ödəniş kartları ilə 407 milyon manat kredit verilmişdi. Bu göstərici 2020-ci ildə 563,6 milyon manat, 2021-ci ilin aprelində 590,5 milyon manat olub.
Ümumilikdə, ödəniş kartları ilə verilən kreditlərin həcmi 183 milyon manat və ya 45 faiz artıb. Artımın böyük olması hesabına ödəniş kartları ilə alınan kreditlərin cəmi kreditlərdə payı 7,9 faizdən 8,6 faizə yüksəlib.
Kredit kartları ilə aparılan əməliyyatların çox hissəsi ölkə daxilində icra edilib. Ölkə daxilində aparılan əməliyyatların məbləği 589 milyon manat olub. Bu əməliyyatların 307 milyon manatı POS-terminallarla aparılıb ki, bu da ümumi əməliyyatın 47,2 faizidir. Ölkə daxilində bankomatlar vasitəsilə 150 milyon manatlıq, elektron ticarət vasitəsilə 132 milyon manatlıq əməliyyat icra edilib.
Ölkə xaricində kredit kartları ilə 59 milyon manatlıq əməliyyat aparılıb.
Vasif
Sfera.az