Kredit faizləri depozit faizlərindən dəfələrlə yüksəkdir
12:45 / 24.11.2021
847
2021-ci ildə kreditlərə tələbin artması faizlərin
yüksək səviyyədə qalmasına səbəb olur.
Sfera.az bildirir ki, bu ilin əvvəlindən ölkəmizdə
kredit qoyuluşu 14,53 milyard manatdan 16,42 milyard manata qədər artıb. Cəmi
10 ay ərzində ümumi kreditləşmənin məbləği 1,89 milyard manat, yəni 13 faiz
artıb.
Qısa müddətdə artım daha çox manatla verilən
kreditlərdə qeydə alınıb.
Məlumatların təhlili göstərir ki, kreditlərdəki
artımın 1,7 milyard manatı məhz milli valyutada verilən kredirlərin hesabına təmin
edilib. Ötən ilin sonunda manatla verilən kreditlərin məbləği 10,2 milyard
olduğu halda, noyabrın 1-də 11,91 milyard manata çatıb.
Manatla kreditlərin bu qədər artması ondan xəbər
verir ki, iqtisadiyyatda milli valyutada olan kreditlərə tələb böyükdür. Tələb
böyük olduğundan kredit təşkilatları faizləri artırmaqdan çəkinmir. 2020-ci
ilin sonunda yeni verilən manatla kreditlərdə orta faiz dərəcəsi 15,65 səviyyəsində
olduğu halda hazırda 17,13 faiz təşkil edir. On ay ərzində manatla kredit faizlərində
ciddi artım var.
Dollarla verilən kreditlərdə də faizlər artır.
Xarici valyutada verilən kreditlər cari ildə təxminən 200 milyon manat artıb.
Dollarla olan kreditlərə də tələb artdığından ilin əvvəlində 3,43 faizlə verilən
kreditlər üzrə faizlər 4,74-ə qalxıb.
Kreditlərə tələbin artmasına baxmayaraq
banklar depozit və əmanət faizlərini artırmır, əksinə, manatla olan depozit və əmanət
faizlərini qismən, xarici valyutada olanların faizini isə xeyli dərəcədə aşağı
salıb. Hazırda banklar manatla depozitləri orta hesabla 8,5 faizə, dollarla
olan depozitləri 0,9 faizə qəbul edir.
Bu siyasət nəticəsində depozit və kredit faizləri
arasında kəskin fərq yaranıb. Kredit təşkilatlarının verdiyi borc, cəlb etdikləri
vəsaitə çəkdikləri xərcdən manatda 2 dəfə, dollarda 5,27 dəfə böyükdür.
Bu vəziyyət banklara imkan verir ki, kreditləşmədən
yaxşı faiz gəliri əldə etsinlər. Hazırda banklarda olan depozitlərin təxminən
yarısı xarici valyutadadır. Kreditlərin isə 72,4 faizi manatladır. Buradan
aydın olur ki, banklar xarici valyuta ilə 0,9 faizə cəlb etdikləri vəsaitin bir
hissəsini manata dəyişərək 17,2 faizlə, yəni 19,1 dəfə yüksək gəlirlə kredit
verirlər.
Vasif