Kosobokov Bakının qəzəbinə tuş gəlib? - Komandan iki həftədən sonra niyə geri çağırıldı...

Kosobokov Bakının qəzəbinə tuş gəlib? - Komandan iki həftədən sonra niyə geri çağırıldı...
"Sentyabr ayının 6-da Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi general-mayor Mixail Kosobokov gətirilib. İddiaya görə, Bakı bu təyinatdan razı deyilmiş . Əgər bu iddialar doğrudursa və rəsmi Bakı həqiqətən də Kosobokovun dəyişdirilməsini istəyibsə, demək, o bu qısa müddət ərzində ciddi qanun pozuntularına yol verib”.

Bu sözləri Sfera.az açıqlamasında, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə general-leytenant Gennadi Anaşkinin yeni komandan təyin olunmasına münasibət bildirərkən deyib.
 
O, bildirib ki, general-leytenant Gennadi Anaşkin sayca üçüncü komandandır ki, Azərbaycana gəlir:

"Əvvəla onu deyim ki, Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi təyin edilən general-mayor Mixail Kosobokovun Azərbaycanın istəyi ilə dəyişdirilməsi ilə bağlı səslənən iddiaların nə qədər doğru olduğunu demək çətindir. Hər halda bu məlumatı rəsmilər daha dəqiq bilər. Lakin bu da bir həqiqətdir ki, general-mayor Mixail Kosobokovun Rusiya sülhməramlılarına komandan təyin edilməsindən iki həftə keçməmiş Kremlin onu general-leytenant Gennadi Anaşkin ilə dəyişməsi olduqca şübhəlidir”.
 
Politoloqun sözlərinə görə, Rusiyanın sülhməramlı kontingentinə təyin etdiyi hər üç komandan- Rüstəm Muradov, Mixail Kosobokov və Gennadi Anaşkini birləşdirən ortaq cəhətlər var:
 
"Məsələ ondadır ki, hər üç komandan uzun illər separatçı bölgələrdə - Osetiya, Abxaziya, Donbas və s. yerlərdə xidmət edib. Digər tərəfdən, hər üç komandanın adları Krımın ilhaq edilməsində hallanır.
 
Rəsmi Moskva qeyd etdiyim bu nüansları hər üç komandan üçün təcrübə saysa da, rəsmi Bakı üçün bu narahatedici amillərdir. Bununla belə, indiki vəziyyətdə bizi Qarabağa təyin edilən sülhməramlı komandanın harada xidmət etməsi deyil, ədalətli və vicdanlı xidmət etməsi maraqlandırır. Rəsmi Bakının tələbi açıq və aydındır. Bizim üçün vacib olan həmin komandanın Rusiya sülhməramlıların müvəqqəti səlahiyyətinə verilən ərazilərdə öz vəzifəsini layiqincə yerinə yetirməsi, separatçıların qeyri-qanuni fəaliyyətinə icazə verməməsi, qanunsuz postlar qurmaması və s. məsələlərdir.
 
Hər halda Qarabağ nə Abxaziyadır, nə Osetiya, nə Donbas, nə də Krım. Kreml Bakı ilə münasibətlərin pozulmasını istəmirsə, onu narahat edən məsələlərə həssas yanaşmalıdır”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR