Korrupsionerlərin ifşası - islahatlara mane olanları ağır cəzalar gözləyir - ŞƏRH

Korrupsionerlərin ifşası - islahatlara mane olanları ağır cəzalar gözləyir - ŞƏRH
 

Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdən ötən 29 il ərzində çoxsaylı problemlərlə qarşılaşıb və onların əksəriyyətinin öhdəsindən gəlib. Problemlər həll edildikcə həm Azərbaycan cəmiyyəti güclənir, həm dövlət müstəqilliyi möhkəmlənir, həm də hakimiyyətlə cəmiyyət arasında inam artır.

Ötən illərə nəzər salsaq, bunları çox aydın görərik. İndi də çox qarışıq dövrdür. Dövrümüzün başlıca məsələlərinin aşağıdakı kimi sıralamaq olar:

- torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində fəaliyyət;

- tənəzzülə uğramış dünya iqtisadiyyatı və Azərbaycanın bu problemdən az itki ilə çıxması;

- yeni iqtisadi imkanların əldə edilməsi;

- qeyri-neft sektoruna diqqətin ayrılması;

- sosial sahədə islahatların aparılması (qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması, aztəminatlı ailələrə yardım, pensiyaların artırılması və s.)

- dövlət strukturlarında islahatların aparılması;

- kadr islahatlarının keçirilməsi;

- korrupsiyaya qarşı mübarizənin aparılması;

- koronavirusa qarşı mübarizənin təşkili və onun fəsadlarının aradan qaldırılması və s.

Təbii ki, dövlətin daha da güclənməsi, demokratiyanın inkişafı, ordu quruculuğu, elm, təhsil, diaspor və bu kimi məsələləri də yuxarıdakı sıralamaya daxil etmək olar.

Bu kimi dövlət əhəmiyyətli məsələləri yalnız dövlətə sədaqətli kadrlarla həyata keçirmək olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 23-də iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bununla bağlı məsələlərə toxunmuşdu. Dövlət başçısı bildirmişdi ki, islahatlara alternativ yoxdur: "Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.

Deməli, kadrlar dövlətin əsas sütunlarıdır. Onların vəzifələrinin icrasına məsuliyyətsiz yanaşması və ya səlahiyyət hədlərini aşması, korrupsiya, yaxud rüşvətxorluğa qurşanması dövlətə xəyanət sayıla bilər. Çünki bu əməllər vətəndaşın öz dövlətinə, cəmiyyətinə və hökumətinə inamsızlıq təlqin edir. Gələcək nəslə pis örnək olur. Ərazisinin bir hissəsi düşmən tapdağı altına olan dövlətin məmuru, fikrimizcə, daha məsuliyyətli olmalıdır.

Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən dövlət məmurlarının yaramaz əməllərinə toxunaraq, vurğulayıb: "Digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

İcra başçıları yerlərdə mərkəzi hakimiyyətin təmsilçiləri, prezidentin nümayəndələridir, ali icra orqanını təmsil edirlər. Onlar yerlərdə dövlətin mənafeyinin müdafiəçiləridir. Bu vəzifənin daşıyıcıları üçün dövlətə xidmət müqəddəs işdir. Yerli hakimiyyət başçıları daha çox dövlət adamıdır. Elə ona görə də qanunla onların bizneslə məşğul olmaları qadağan edilib. Niyə? Vəzifə səlahiyyətlərini aşaraq dövlətin və xalqın malına xor baxmamaları üçün. Rüşvət alanda, korrupsiyaya yol verəndə isə onlar dövlətin mənafeyini satmış sayılırlar. Odur ki, Prezidentin xəbərdarlığından nəticə çıxarmayıb, cinayətkar əməllərini təkrarlayanlar dövlət üçün təhlükə mənbəyinə çevrilir, islahatlara mane olur, cəmiyyətdə bu əhəmiyyətli prosesə inamsızlıq yaradırlar.

Dövlət başçısı həmin görüşdə vurğulayıb: "Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir”.

Prezident belə xoşagəlməz halların başqa rayonlarda olduğunu qeyd edib: "Bu haqda məlumat var və bir daha demək istəyirəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək”.

Prezident islahatlar prosesi ilə bağlı çıxışlarında qanun aliliyini daim ön plana çıxarır: "Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”.

Həmin icra başçıları fəaliyyətlərində yol verdikləri cinayət əməli ilə qanunu pozub, qanunun şah olmasına deyil, öz cılız maraqlarına, qarın otarma kimi instinktiv fəaliyyətlə məşğul olublar. 

Cari il fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Prezident İlham Əliyev sosial proqramlardan danışıb: "Keçən il sosial sahədə çox böyük təşəbbüslər irəli sürülmüşdür. Daha doğrusu, 2018-ci ilin ikinci yarısından artıq bu proqramlar hazırlanırdı və 2019-cu ilin əvvəlindən bu proqramların icrası başlanmışdır. Şəhid ailələrinə böyük məbləğdə vəsait təmin edilmişdir. Ümumiyyətlə, 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırıldı. Çünki çox böyük sosial paket 4,2 milyon insanı əhatə edib. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, bundan əlavə, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Yəni bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə milyard manata başa gəlir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var”.

Dövlət başçısının çıxışlarından və həyata keçirdiyi tədbirlərdən də göründüyü kimi əsas hədəflərdən biri vətəndaşın güzəranının yaxşılaşdırılmasıdır. Bu həm də dövlətin təməlinin gücləndirilməsinə xidmət edir. Ancaq bu işin əhəmiyyətini anlamayan, dövlət məmuru vəzifəsinə ləkə vuranlar hələ də var.

"Ona görə bu dörd rayonda hansı ki, icra başçıları həbs olunub, orada işlər geniş təhlil edilməlidir. Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar. Bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm böyük vicdansızlıqdır”, -deyə Prezident vurğulayıb.

Dövlət başçısı daha sonra deyib: "Bu vəsaiti ayırırıq ki, bu gün özünə iş tapa bilməyən insan heç olmasa minimum əməkhaqqı səviyyəsində işlə təmin edilsin. Bunlar ictimai işlərdir və biz bu yolla insanları işlə təmin edirik. Əgər birinci mərhələdə təqribən 30 min iş yeri yaradılmışdırsa, hazırda mən göstəriş vermişəm ki, onların sayı 90 minə çatdırılsın. Ancaq birinci mərhələdə bu vəsaitin paylanılması icra başçıları tərəfindən həyata keçirilirdi. Burada mövcud olan nəzarətsizlik və korrupsiya halları bir çox insanları dövlət tərəfindən verilən bu yardımdan faktiki olaraq məhrum etmişdir. Bu, vicdansızlıqdır, buna başqa ad vermək olmaz. Artıq bu gün biz nəzarəti gücləndirmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıq verildi ki, onlar bu işlərə də nəzarəti gücləndirsinlər. Ancaq buna baxmayaraq, həbs edilmiş icra başçılarının, icra nümayəndəsinin iş otaqlarından, onların ciblərindən yenə də həmin o kasıb insanlara çatacaq kartlar çıxır. Ona görə bu və digər hallara qarşı mübarizə çox ciddi olmalıdır".

Dövlət başçısının həyata keçirdiyi islahatlara, pandemiyaya qarşı aparılan mübarizəyə, onun vətəndaşlara, xüsusi ilə aztəminatlı ailələrə vurulan ziyanın müəyyən hissəsinin kompensasiya edilməsinə yerlərdə mane olan məmurlar, icra başçıları aşkar edildi. Onların bu əməlləri müharibə zamanı edilən fərariliyə bərabərdir. Bu, dövlət başçısına qarşı satqınlıqdır. Bu, öz cəmiyyətinə, vətəndaşına hörmətsizlikdir.

Çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama sonucunda həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon icra hakimiyyətləri başçıları ilə bağlı görülən tədbirlərdın nəticə çıxarmayan növbəti şəxs Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı oldu. Prezident tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq, o, dövlətin mənafeyinə ciddi zərbə vurmuş, pandemiya dövrü ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəyib.

Azərbaycandan asılı olmayaraq yaranan iqtisadi, sosial şəraitə baxmayaraq, ölkədə islahatlar davam edir. Odur ki, ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının növbəti mərhələsi həyata keçirildiyini demək olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının yeni Baş prokurorunu təyin edib. Bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin namizədliyinin verilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Yeni seçilən Baş prokuror öz çıxışında siyasi, hüquqi islahatların, eləcə də aparılan kadr islahatlarının ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirdiyini qeyd edib.

Prezident İlham Əliyev Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən hüquq sahəsində də islahatlara toxunaraq deyib: "Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var”.

Prezident Baş prokurora qanun aliliyini xatırladaraq bildirib: "Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.

Baş prokuror Kamran Əliyev prezidentin islahatlarla bağlı vurğuladığı məsələlər münasibətini belə bildirib: "Kadr islahatları, doğrudan da, çox vacib məsələdir və biz bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Əgər zərurət yaranarsa, təbii ki, prokurorluğun, həmçinin struktur qurumlarının fəaliyyəti təhlil edilməlidir. Hesab edirəm ki, biz bu sahədə də mütərəqqi addımlar atmalıyıq”.

Son 6 ayda 4 icra başçısı və çoxlu sayda məmur həbs edilib. İcra başçılarının tutulması əməliyyatlarını Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının həyata keçirməsinin xüsusi önəmi var. Bu, bir daha təsdiqləyir ki, icra başçılarının törətdikləri əməllər dövlətin təhlükəsizliyini təhdid edir. Düzdür, onların əməlini və cəzalarını məhkəmə müəyyən edəcək. Ancaq baş verənlər həmin dövlət məmurlarının cinayət törətdiklərini deməyə əsas yaradır.

Beləliklə, prokurorluq və təhlükəsizlik xidməti orqanlarının bu istiqamətdə birgə fəaliyyəti ölkədə islahatların uğurla davam etməsinə, müsbət nəticə verməsinə inamı artırır. Bu isə güclü, sosial ədalətli və firavan Azərbaycan qurmağa xidmət edir. İslahatların davam etməsi bu hədəfə çatmaqdır.



OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...