Koronavirusun son iki gündə aşkarlanan yeni ştamları ilə bağlı professordan AÇIQLAMA
14:14 / 08.01.2022
1108
Son iki gündə COVİD-19-un yeni yaranmış "İHU” və ya "B.1.640.2” adlandırılan mutant ştamı haqqında məlumatlar yayılır. Bildirilir ki, vətəni Kamerun olan bu varianta həmin ölkədən Fransanın Marsel şəhərinə gələn 12 insan yoluxub və dekabr ayının 29-da fakt təsdiqlənib.
Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, deyilənlərin əksinə, sözügedən ştam yeni deyil və onun haqqında ilk məlumat, hətta "Omikron” ştamından əvvəl, 4 noyabr tarixində verilib:
"Keçən müddət ərzində "B.1.640.2” ştamına 20-dən artıq yoluxma halı ABŞ, Hindistan və bir sıra Avropa ölkələrində də qeydə alınıb. Lakin ilkin tədqiqatlar onun qorxulu olduğunu təsdiq etməyib. Odur ki, "Omikron”un fonunda praktik olaraq unuduldu. Digər tərəfdən, "Omikron"un yunan əlifbasında birdən-birə iki hərfi ötürüb, 15-ci hərflə adlandırılmasının səbəbi də, məhz ondan əvvəlki bu iki ştamdır. Müqayisəli elmi təhlil sübut edir ki, yeni "B.1.640.2” ştamı, nəinki, patogen aktivlik və letallıq əmsalına görə, hətta yolxuculuq gücünə görə də, koronavirusun hazırda sönməkdə olan mutantlarından ən zəifi kimi dəyərləndirilən "Omikron”dan da qat-qat zəifdir”.
Professor əlavə edib ki, "Omikron” pandemiyanın sönməsinin müjdəçisi idisə, bu yeni ştam pandemiyanın sona yetməsinin birbaşa təsdiqidir.
Günay Rəsulqızı
Sfera.az