Koronavirusun Mu ştammı Azərbaycanda da yayılır? - \"İnsanlar kütləvi şəkildə...\"

Koronavirusun Mu ştammı Azərbaycanda da yayılır? - \
Qonşu ölkə Türkiyə də daxil, koronavirusun Mu ştammı bəzi ölkələrdə yayılmaqda davam edir. Mütəxəssislər virusun bu mutasiyasına vaksinin ciddi şəkildə təsir etmədiyini bildirir.

Maraqlıdır, Türkiyədə yayılmaqda olan Mu ştammı Azərbaycanda da qeydə alına, yayıla bilərmi? Risk nə qədərdir?

Məsələ ilə bağlı Sfera.az-a danışan infeksionist Sevda Cavadova Mu ştammının Azərbaycanda mövcud olma riskinin aşağı olduğunu deyib:

"Azərbaycanda koronavirusun ənənəvi formalarından əlavə hələ ki, bir tək Delta ştammının olduğu aşkar edilib. Yəni mövcud cihazlar vasitəsilə koronavirusun bu mutasiyasını tədqiq edə bilirik. Hazırda Mu variantı Türkiyədə ciddi şəkildə yayılmayıb. Bu baxımdan Azərbaycanda koronavirusun bu mutasiyasının mövcud ola biləcəyini düşünmürəm. Lakin virus Türkiyədə daha geniş zolağı əhatə edərək yayılarsa, Azərbaycanda da Mu variantına rast gələ bilərik. Hələ bu barədə danışmaq tezdir. İnsanlar kütləvi şəkildə vaksin olunmalıdır ki, yeni növ mutasiyalara rəğmən xəstəliyi yüngül keçirsinlər".

Mütəxəssis yeni növ mutasiyanın xarakteristikasının Beta ştammı ilə oxşar olduğunu bildirib: 

"Mu variantının koronavirusun Beta variantı kimi vaksinə qarşı dirəncli olduğu deyilir. Lakin hələ bu təsdiqini tapmayıb. Məlum olan odur ki, digər mutasiyalar kimi Mu variantı da bədəndə sürətlə yayılır və bu növə yoluxmuş şəxsin yoluxduruculuq qabiliyyəti yüksək olur".


Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR