“Koronavirusa görə Ukraynada çox acınacaqlı durum yaşanır” – Möhsün Qədiroğlu

“Koronavirusa görə Ukraynada çox acınacaqlı durum yaşanır” – Möhsün Qədiroğlu
 

Ukraynada yaşayan tanınmış azərbaycanlı telejurnalist Möhsün Qədiroğlu koronavirusla bağlı bu ölkədə yaşananlarla bağlı 525.az-ın suallarını cavablandırıb


- Uzun illərdir Kiyev şəhərində yaşayırsınız. Hazırda paytaxtda və Ukraynada durum necədir?

- Öncə onu deyim ki, Ukrayna MDB və Şərqi Avropada koronavirus infeksiyasının yayılma təhlükəsinə görə ən riskli ölkə hesab edilir. Bu gün İtaliya, Almaniya, İspaniya kimi inkişaf etmiş ölkələrdəki ağır durumu nəzərə alsaq, Ukraynanın hazırkı vəziyyətini başa düşmək olar. Əslində Ukraynanın səhiyyəsi bu infeksiyanın qarşısında aciz ölkə hesab edilir. Ona görə Ukrayna dövləti koronavirusun ölkədə yayılmasının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Artıq 10 gündür ölkədə ciddi karantin rejimi elan olunub. Banklar, ərzaq mağazaları və bir sıra vacib istehsal müəssisələri istisna olmaqla bütün ticarət və iaşə obyektlərinin fəaliyyətinə aprel ayının 24-dək qadağa qoyulub. Metro, avtobus və digər ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Ukrayna Səhiyyə Nazirliyinin verdiyi son açıqlamaya görə, 2264 nəfər koronavirusa yoluxma şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Onlardan 483 nəfərində koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayı isə 10 nəfərə çatıb.

- Yayılan kadrlarda minlərlə ukraynalının Polşa sərhədindən vətənlərinə dönməkdə problemlə üzləşdiyini görürük. Ukrayna hökuməti bu problemlə bağlı hansı tədbirləri görür?
 
- Bununla bağlı Ukraynada çox acınacaqlı durum yaşanır. Hazırda Ukrayna ilə Polşanın, o cümlədən digər Avropa ölkələrinin sərhədində 40 minə yaxın ölkə vətəndaşı evlərinə qayıtmaq üçün lövbər salıblar. Ukrayna hökuməti bu qədər insanın karantinə alınmasının mümkünsüz olduğunu elan edərək sərhədlərini öz vətəndaşlarının üzünə qapadıb. Ukraynanın səhiyyə naziri bəyan edib ki, bu qədər insanın ölkəyə karantinsiz daxil olması qarşısıalınmaz faciə və fəlakətə gətirib çıxara bilər. Ukrayna dövləti indiki dönəmdə, sərhədlərdə qalan vətəndaşlarının ölkəyə gətirilməsi və onların karantinə alınması üçün bütün gücünü səfərbər edib. Bununla bağlı ölkənin 15 vilayətində fövqəladə vəziyyət elan olunub. Xaricdə olan vətəndaşların karantinə alınması üçün lokal çadır şəhərcikləri salınır. 

- Ümumiyyətlə, Ukraynada koronavirusla mübarizədə yetərli tədbirlər görülürmü?

- Bu gün Ukrayna dövlətinin qarşısında duran 1 nömrəli vəzifə mövcud problemin aradan qaldırılmasını təmin etməkdir. Bunun üçün ölkənin bütün dövlət və hökumət strukturları gücləndirilmiş iş rejiminə keçiblər. Burada əsas məsələlərdən biri də əhali ilə işin aparılmasıdır. İnsanların bir qismi hələ də vəziyyətin nə qədər ciddi olduğunu dərk edə bilmirlər. Bununla bağlı ölkənin televiziya və kütləvi informasiya vasitələri əhaliyə müraciət edərək evlərindən çölə çıxmamağa çağırırlar. Güc strukturları tərəfindən qadağalara məhəl qoymayanlara qarşı cərimələr tətbiq olunur. Buna baxmayaraq, yenə də şəhərdə hərəkət edən avtomobillərin sayı yetərincədir. Bu baxımdan bu günlərdə respublikanın hər bir yerində fövqəladə vəziyyət elan olunacağı bildirilir .  

- Siz özünüz və Ukraynada yaşayan azərbaycanlılar virusdan necə qorunursunuz?

- Ukraynada yaşayan azərbaycanlılar da koronavirusla bağlı mübarizədə həmrəylik nümayiş etdirirlər. Hamı imkan daxilində tətbiq olunmuş qadağalara əməl etməyə çalışır. Demək olar ki, əksər soydaşlarımız vaxtlarını evlərində keçirirlər. Ailəni və uşaqları bu təhlükəli virusdan qurtarmağın ən mühüm yolunu evdən çölə çıxmamaqda görürlər. Düzdür, bu rejimə uyğunlaşmaq çətindir. Amma başqa yolumuzda yoxdur. Bu gün hər bir insan özünü qorumaqla ailəsini, doğmalarını, ətrafını, nəhayət, yaşadığı cəmiyyəti bu bəladan qorumuş olur. Sevindirici haldır ki, Azərbaycanda koronavirusa qarşı mübarizəyə erkən start verildi. Dövlət məsələnin ciddiliyini vaxtında hiss edərək qabaqlayıcı tədbirlər həyata keçirdi. Düşünürəm ki, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan mübarizə tədbirləri  xalqımızı və ölkəmizi bu bəladan çox az itki ilə çıxaracaq. Buradan xalqımıza müraciət edərək demək istəyirəm ki, bizim sağlam gələcəyimiz güclü iradəmizdən asılıdır. Bu baxımdan dövlətimizin tətbiq etdiyi qaydalara ciddi əməl etməklə ailəmizin və cəmiyyətimizin təhlükəsizliyinə xidmət etmiş olarıq.  

 
- Belə bir çətin anda Ukraynadakı diaspora qurumlarımız arasında əlaqələr hansı səviyyədədir?
 
- Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları da ilk gündən koronavirusa qarşı mübarizə tədbirlərinə qoşulublar. Bildiyiniz kimi, bununla bağlı təyyarə reyslərinin təxirə salınması Ukraynada müvəqqəti yaşayan soydaşlarımızın, xüsusən də azərbaycanlı tələbələrin vətənə qayıtması üçün böyük problemlər yaradıb.Bu məsələni tənzimləmək və vətəndaşlarımızın müvəqqəti olaraq yerləşdirilməsi üçün Azərbaycanın Ukraynadakı səfirliyi müvafiq tədbirlər həyata keçirir. Bu prosesdə Ukraynadakı Azərbaycan diasporu da yaxından iştirak edərək həmrəylik nümayiş etdirirlər. Hazırda Ukraynanın müxtəlif vilayət və şəhərlərində 500 nəfərdən çox insan ölkəmizə qayıtmaq üçün Azərbaycan səfirliyində qeydiyyatdan keçib. Onların arasında imkanı olmayan soydaşlarımıza diaspora təşkilatlarımız və azərbaycanlı iş adamları tərəfindən maddi dəstək verilir.

- Virusa yoluxanlar arasında azərbaycanlılar varmı?
 
- Bəli. Bu virusa Odessada yaşayan Şahin Əsədov adlı bir nəfər soydaşımız da yoluxub. Hazırda  Odessa xəstəxanalarından birində müalicə alır  və səhhəti normaldır.

- Yerli əhali qaydalara nə dərəcədə əməl edir?
 
- Artıq yerli əhali vəziyyətin nə dərəcədə ciddi olduğunu dərk etməyə başlayıb. Günü gündən infeksiyaya yoluxanların və ölüm hallarının sayının çoxalması insanlar arasında təşvişlə qarşılanır. Bu baxımdan əhali getdikcə tətbiq olunmuş qaydalara daha ciddi əməl etməyə başlayıblar. Təəssüf doğuran məsələ ondadır ki, apteklərdə maska və digər tibbi ləvazimatlar yoxdur. Ona görə insanların əksəriyyəti çölə  maskasız çıxmaq məcburiyyətində qalır. Bununla bağlı Ukrayna dövləti dünyanın müxtəlif ölkələrinə müraciət edərək  koronavirusa qarşı mübarizədə onlara yardım etmələrini xahiş edib.


OXŞAR XƏBƏRLƏR