Komitə sədri hökumətin qarşısında bu problemləri xatırlatdı - MƏTN

Komitə sədri hökumətin qarşısında bu problemləri xatırlatdı - MƏTN
 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun hökumətin parlamentə hesabatının müzakirəsi zamanı çıxışını təqdim edirik:

"Hörmətli sədr, hörmətli Baş nazir, hörmətli deputatlar!

Hər birinizi dərin hörmət və ehtiram hissi ilə salamlayır, fürsətdən istifadə edib mən də öz növbəmdə, bütün vətəndaşlarımızı epidemiya ilə əlaqədar yaşamaqda olduğumuz vəziyyətdən minimum zərərlə çıxmaq üçün dövlətimizin qərar və tövsiyələrinə ciddi əməl etməklə, sağlamlıqlarının qeydinə qalmalarına, bu istiqamətdə hər kəsi bir nəfər kimi öz dəstəklərini göstərməyə çağırıram. Ölkəmizin Birincı vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın müraciətində qeyd etdiyi kimi "...bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik.” Biz birlikdə güclüyük!

Bu gün Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabatını verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında həyata keçirilən dinamik dəyişikliklər, islahatlar bu gün Milli Məclisə təqdim edilən hesabatda dəqiq və dolğun ifadəsini tapmışdır. Bu islahatların nəticəsidir ki, dünyada hərtərəfli mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə iqtisadiyyatımızın dayanıqlığı təmin olunmuş, iqtisadiyyatın inkişafına yeni təkan verilməsi üçün möhkəm zəmin yaranmış, minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması mümkün olmuşdur. Sevindirici haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin həyata keçirdiyi islahatları yüksək qiymətləndirmiş, nəticədə hesabatlarında Azərbaycanın əsas göstəricilər üzrə mövqelərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını bir daha qeyd etmişlər.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri kimi deyə bilərəm ki, hesabat ilində ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmin edilməsi, çevik və səmərəli idarəetmə sisteminin təkmilləşdirilməsi, ekoloji təhlükəsizliyin təmin olunması, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahı üçün daha səmərəli istifadə olunması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm.

Bələ ki, çirklənmiş ərazilərin təmizlənməsi, müşahidə və monitorinqlərin aparılması, meşələrin inventarlaşdırılması, şirin su və dəniz akvakulturasının inkişafı, yaşıllıqların suvarılması, xüsusi mühafizə olunan ərazilərin idarə olunması, idarəetmə prosesində informasiya texnologiyalarından fəal istifadə və.s istiqamətlərdə müasir yanaşmanın tətbiqi özünü bir daha doğrultmuşdur.

Ancaq düşünürəm ki, bu hesabatda müsbət həllini tapmış məqamlardan, nailyyətlərdən əlavə Nazirlər Kabinetinin gərgin fəaliyyəti nəticəsində aşkarlanan, öyrənilən, əksər hallarda ilk fürsətdə həlli məqsədi ilə barələrində müvafiq tədbirlər planı tərtib edilən məsələləri , problemləri də qeyd etməliyik.

1. Ekoloji tarazlığın bərpası məqsədi ilə Alternativ Enerji resurslarından zəif istifadə olunması

2. Tullantı sularının Xəzərə bir başa axıdılması

3. Hələ də avtomobil və sənaye müəssisələri tərəfindən atmosferin çirkləndirilməsi

4. Kənd təssərüfatı üçün yararlı torpaqların sıradan çıxması problemi

5. Tullantıların tələb olunan səviyyədə idarə olunmaması və.s

Çıxışımın sonunda təklif edirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı məqbul hesab edilsin və həmkarlarımı lehinə səs verməyə çağırıram. Məlumat üçün bir məsələni də bildirmək istəyirəm ki, komitəmizdə müzakirə zamanı həmkarlarım tərəfindən təmsil etdikləri regionların problemlərinin ilə bağlı təkliflər ümumiləşdirilərək, yazılı formada hökumətə təqdim olunacaqdır. 

Diqqətinizə görə sağ olun!”


OXŞAR XƏBƏRLƏR