“Köçəryan başa düşür ki, Paşinyan onunla məsələni bitirəcək...” – Düşmən ölkədə nə baş verir?
11:11 / 10.06.2021
2349
"Ermənistanda seçkiqabağı parlament
kampaniyası iyunun 18-nə qədər davam edəcək, sonra isə "sükut günü” elan
olunacaq. Lakin Köçəryanın seçki qərargahı həmin gün də sakit qalmaq istəmir və
İkinci Qarabağ müharibəsi zamanı itkin düşən ermənilər üçün "matəm günü” elan
edərək tədbirlər keçirmək fikrindədir”.
Bunu Sfera.az-a açıqlamasında
politoloq Əlimusa İbrahimov Ermənistanda yaxınlaşmaqda olan seçkilərdən
danışarkən deyib.
O bildirib ki, parlamentdə yüksək
səslə təmsil olunmaq uğrunda mübarizə Baş Nazir vəzifələrini müvəqqəti icra
edən Nikol Paşinyanla eks-prezident Robert Köçəryan arasında gedir: "Müxtəlif təşkilatların rəy
sorğularında Köçəryanın az qala reytinqdə Paşinyana bərabər olduğunu
göstərmələri seçkiqabağı təbliğatdan başqa bir şey deyil. Erməni xalqı nankor
olub qonşuları və digər millətlər tərəfindən onlara edilən yaxşılığı unuda
bilər, amma Robert Köçəryan və Serj
Sarkisyanın Qarabağ erməni klanını onların başına çıxardığı günləri uzun zaman
unutmayacaqlar. Ermənilər növbəti dəfə bu klanın nökərçiliyi altına düşmək
fikrindən çox uzaqdırlar.
Köçəryan seçkiyə erməni xalqını
düşünərək getsəydi, o, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın
Paşinyana qarşı koalisiya yaratmaq təklifini qəbul edər və birlikdə seçkilərdə
iştirak edərdilər. O, öz xələfinin təklifini qəbul etməməməsini "mənəvi”
səbəblərlə əlaqələndirdi. Bu səbəblər isə Levonun Ermənistanda elə ilk dəfə
Qarabağ erməni klanı haqqında ucadan danışması hesab olunur”.
"Şübhəsiz, yenidən hakimiyyətə
gəldikdən sonra Paşinyanın ilk vəzifəsi Robert Köçəryanla məsələni sona
çatdırmaq olacaq. Belə olan halda, Robert özünü və ailəsini qorumaq üçün
seçkiyə qatılmağa məhkumdur.
Onun seçkilərdə iştirak etməkdə ikinci məqsədi
isə, Qarabağ erməni klanını yenidən Ermənistanda siyasi səhnəyə qaytarmaqdan
ibarətdir. Bu klanın rəhbərlərindən biri kimi ona məlumdur ki, Paşinyan
qarşısında maneə hiss etdiyi bu qrupu dağıtmaqla məşğuldur və onların didərgin
salınacağı gün uzaq deyil. Məhz Qarabağ klanını hakimiyyətə qaytarmaq iddiası
Köçəryanı seçkilərdə iştirak etməyə məcbur edən növbəti səbəbdir. Lakin Rusiya
və Qarabağ erməni klanının müxtəlif manipulyasiyalar vasitəsi ilə Köçəryanın
reytinqinin yuxarı qaldırılması cəhdləri heç bir fayda verməyəcək. Onun
hakimiyyətə yolu çox daralıb və bu seçkilər nəticəsində tamamilə bağlanacaq”.
Günay Rəsulqızı