Kirayə mənzil bazarında “yanan qiymətlər” – Ucuzlaşma olacaqmı?

Kirayə mənzil bazarında “yanan qiymətlər” – Ucuzlaşma olacaqmı?
Son bir neçə ay ərzində kirayə mənzil bazarında qiymət artımı yüksək həddə çatıb. Əyani təhsil qərarı verildikdən sonra isə kirayə mənzillər bazarında yenidən artım müşahidə olunur.

Həm saytlar vasitəsilə axtarış edənlər, həm də rieltorlar vasitəsilə aylıq mənzil kirayə etmək istəyənlər hər iki seçimdə yanıldıqlarını, istədiklərini əldə edə bilmədiklərini deyirlər.

Görəsən, çıxış yolu nədədir? Ümumiyyətlə, kirayə mənzillərin qiymətinin aşağı düşməsi, yaxın vaxtlarda qiymətin keyfiyyətə adekvat ola bilmə ehtimalı varmı?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı vətəndaşları kirayə mənzil bazarı üzrə ixtisaslaşmış şəxslərə­­ ­- rieltorlara üz tutmağı məsləhət görüb. Müsahibimizin sözlərinə görə, yaxın gələcəkdə kirayə mənzil bazarında ciddi mənada endirimin olması gözlənilmir:

"Vətəndaşlar çalışmalıdır ki, konkret ofisi, ünvanı olan rieltorlara üz tutsunlar. Yəni VÖEN-i olmayan, ara-sıra rieltorluqla məşğul olan şəxslərə aldanmasınlar. Son günlər Daxili İşlər Nazirliyi də bu barədə xəbərdarlıq edib. Azərbaycanda hələ uzun illər kirayə mənzil problemi mövcud olacaq. Bu problem kirayə mənzillərin ildən-ilə bahalaşmasına gətirib çıxaracaq. Faktiki olaraq, köhnə mənzil fondu söküldükcə, şəhərsalma tədbirləri sürətləndikcə qiymət artımını şərtləndirən amillər ortaya çıxır. Bu baxımdan düşünürəm ki, qarşıdakı illərdə də biz bu problemi tənzimləməkdə çətinlik çəkəcəyik".
 
Əmlak eksperti bir neçə ay sonra bəzi mənzillərin aylıq kirayəsinin cüzi şəkildə aşağı düşmə ehtimalının olduğunu deyib. R.Osmanlı bütün bunların fonunda arxayın olmamağı sözlərinə əlavə edib:

"Bu sahəyə özəl sahibkarları cəlb edib, onları sitimullaşdırmaq, yataqxanaların fəaliyyətinin genişləndirilməsi üçün işlər görülməlidir. Lakin hələ görünən odur ki, bu, hökumət qarşısında prioritet məsələ kimi dayanmır. Çox təəssüflər olsun ki, son iki ilin təcrübəsi göstərir ki, qiymətlərdə enmə olmayacaq. Kirayə mənzilə tələb çoxdu, seçim az, qiymət yüksəkdir.

Hesab edirəm ki, payız və qış aylarında bəzi kirayə mənzilllərin qiymətində cüzi azalma ola bilər. Lakin bu da ehtimaldır. Bu ehtimala əsaslanıb, gözləyən vətəndaş qazanmaqdan çox itirə bilər. Yəni ehtimal da var ki, 400-450 manatlıq mənzil bir - iki aydan sonra 500-600 manata da təqdim olunsun". 
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR