“Kimsə möhkəm addımlayanda, elə bilirdim mərmi düşdü” – Jurnalistin cəbhə qeydləri

“Kimsə möhkəm addımlayanda, elə bilirdim mərmi düşdü” – Jurnalistin cəbhə qeydləri

Cəbhəyanı bölgələrdə peşə fəaliyyətini həyata keçirən, əsgərlərlə çiyin-çiyinə "vuruşan” jurnalistlərlə söhbətimiz davam edir.


Bu dəfə "Müsavat.com” saytının əməkdaşı Məhəmməd Türkmən öz cəbhə qeydlərini Sfera.az-la bölüşüb.

 

Cəbhədə çətinliyin olması normaldır ora rahatlıq üçün getmirsən ki...



 

Bizə cəbhə bölgəsində ilk günlər internet məhdudiyyətinin olması problem yaşatdı. Yəni, informasiyanı cəmiyyətə vaxtında, gecikdirmədən çatdırmaq üçün sürətli internetin olmağı önəmli idi. Əvvəllər bu çətinlik olsa da zamanla məsələ həllini tapdı. Başqa çətinliklərə isə onsuz da öyrəşmişdik. Cəbhədə çətinliyin olması normaldır, ora rahatlıq üçün getmirsən ki...


Cəbhədə işləmək üçün gərək səbirli olasan. Çünki əsəb, gərginlik çox olur və sənin sinir sistemin güclü olmalıdır. Mərminin, artileriyanın səsi əvvəllər hiss etməsən də sonradan adamda gərginlik yaradır. Maksimum çalışırdıq ki, bu gərginliyi hiss etdirməyək. Cəbhəyanı ərazilərə yardım gətirən şəxslər soruşurdular ki, bu səs-küydə, gərginlikdə burda necə yaşaya bilirsiniz?

 

Elə olurdu, kimsə möhkəm addım atanda qəfil reaksiya verirdim. Elə bilirdim, mərmi düşür. Yəni, bu hisslər, orada yaşananlar həqiqətən sözlə çətin ifadə edilir. Lakin bu hallara xüsusi çətinlik demək olmaz. Çünki işin gedişatı bunu tələb edir və alışmışıq.

 

İndi əsgəri tək ailəsi yox, bütün xalq gözləyir



 

Əsgər hər şeydən əvvəl bilməlidir ki, arxa cəbhədə vəziyyət yaxşıdır. Yerli camaat uzaqdan da olsa onlara əl sallayır. Balaca uşaqlar əllərində bayraq orduya dəstək olurdu. Bu onlar üçün böyük stimuldur. Əsgər bilir ki, xalqı ona güvənir və bu inam ona güc verir.

 

Yəni, bir əsgəri təkcə onun ailəsi yox, bütün xalq gözləyir. Hamı gözləyir ki, o evinə salamat, qələbə ilə qayıtsın. Bu özü psixoloji güc verir. Bundan başqa əsgərlər illərdir ki, gözlədikləri məqama yetişiblər, döyüş başlayıb və onlar bu baxımdan əllərindən gələni əsirgəmirlər.

 

"Elə olur ki, yaşlı kişilər əsgər dolu maşının arxası ilə qaçıb onlara pay verməyə çalışır”



 

Düşünün ki, cəbhəyanı ərazilərdə, kəndlərdə kasıb ailələr var, hansı ki, saxladığı bir neçə heyvanla, kiçik təsərrüfatla dolanır. Buna baxmayaraq onlar həmin kiçik təsərrüfatdan da ayırıb əsgərə pay qoyurlar, heyvanlarını kəsirlər. Elə olub ki, 50-55 yaşlı bir kişi əsgər dolu maşının arxasından qaçıb yardım zənbilini çatdırmağa çalışıb. Bu anları görüb necə qürur duymamaq olar?

 

Çörək bişirib satan qadınlar var ki, bunun hesabına ailə saxlayırlar. Onlar da yolüstü əsgər görən kimi qaçıb bişirdiyi təndir çörəyini əsgərə verir ki, onlara evdə olduqlarıni hiss etdirsinlər. Bu tək rayon camaatına aid deyil. Elə şəxslər var ki, Bakıdan sırf əsgərlərə yardım üçün cəbhəyanı ərazilərə gəliblər. Yəni, ön cəbhədə döyüşmək üçün çağırılmayanlar arxa cəbhədə əllərindən gələni etməyə çalışırlar”.

 

"Əsgərlərimiz müharibəni övladlarına saxlamaq istəmir, düşmən isə öz torpağı üçün vuruşmadığına görə qaçır...”

 

30-40 yaşında hərbi xidmət müddətini başa vurmuş şəxslər var ki, onlar da eyni yüksək ruhla könüllü olaraq vuruşurlar. Onlar həm torpaqların azad olunması, Vətən naminə vuruşurlar, həm də deyirlər ki, övladlarının böyüyüb müharibə görmələrini istəmirlər. İstəyirlər ki, balaları, bundan sonrakı nəsil müharibənin nə olduğunu bilməsin. Bu savaş, bu qan gələcək nəsil üçün qalmasın, istəyir onlar. Bu baxımdan mən hansısa əsgərdə ruh düşkünklüyü, inamsızlıq görməmişəm. Ermənilər isə başqasının torpağında olduğu üçün bu əzmkarlığı göstərmir, döyüşmək istəmirlər və nəticədə qaçırlar.

 

"Cəbhəyanı ərazilərdə döyüş təcrübəsi olmayan jurnalist işləyə bilmir”



 

Cəbhə bölgəsində çalışan jurnalistlər öncədən ən azından ekstremal vəziyyətdə işləməklə bağlı təlimlərdə iştirak etməlidirlər. Hərbi sirlərin, kordinatların verilməsi ilə bağlı ciddi təcrübəyə ehtiyac var. Bəzi jurnalistlər var ki, onlar əvvəllər də cəbhəyanı ərazilərdə çəkilişlərdə olub və elə bundan dolayı da nə etməli olduqları haqda məlumatlıdırlar.

 

Amma təcrübəsi olmayanlar üçün belə ərazilərdə çalışmaq çətin olur, onlar adaptasiya olmur deyə işi düzgün qura bilmirlər. Cəbhədən gedən məlumatlar elədir ki, onlara kimsə nəzarət etmir, jurnalist birbaşa ötürür. Buna görə də maksimum diqqətli olmaq lazımdır. Məsələn, mən Müdafi Nazirliyinin bir təşkilatla bərabər ekstremal şəraitdə çalışmaqla bağlı təlimində iştirak etmişəm. Buna qədər digər döyüşlərdə də iştirak etmişəm deyə çətinliyim olmur. Ümid edirəm bu iştirak etdiyimiz döyüş də son olar.

 

"Deməzdim ki, qorxmuruq, qorxu insana məxsus hissdir. Amma qorxaqlıq, belə vəziyyəti qoyub, qaçmaq başqa şeydir”

 

Nəzərə alsaq ki, əxlaqdan yoxsul ermənilər Gəncə, Bərdə kimi şəhərlərdə mülki əhalini hədəf alır, onda cəbhəyanı bölgələrdə olan jurnalistlərin də riskli duruma düşməsi qaçılmazdır. Artileriya zərbələri altında olan məntəqələrdən cavab atəşinin açıqlması ehtimalı xüsusilə çox olur və biz belə kəndlərdə çəkiliş aparırıq. Yəni ölüm, yaralanma riski yüksəkdir. Düzdür, xüsusi qoruyucu geyim geyinirik, kaska istifadə edirik, amma təhlükə qaçılmazdır.

Elə kəndlər var ki, orada yaşayış yoxdur, amma ermənilər evləri hədəf alır. Biz orada yaşayış olmasa belə çəkiliş etməli oluruq. Çünki işimiz budur, erməni vəhşiliyini dünyaya çatdırmalıyıq. Əgər bu yola baş qoymusansa bütün çətinliklərə hazır olmalısan. Əgər əsgər ön cəbhədə can qoyub, özünü fəda edirsə, biz ondan artıq deyilik ki...

 

 

 

Cəbhədə olan bütün həmkarlarıma təşəkkür edirəm. Həqiqətən hər kəs əlindən gələni edir. İndiki məqamda xalqa təhrif olunmamış, dəqiq məlumat çatdırmaq çox önəmlidir. Çalışırıq ki, orduya ziyan vermədən cəmiyyətə informasiya ötürək. 

 

Arzu edirəm ki, tezliklə işğaldan azad olunmuş bölgələrdə məskunlaşan əhali ilə həmsöhbət olaq, o ərazilərdən reportaj hazırlayaq. Düşünürəm ki, bu şad günlər uzaqda deyil”.

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...