Kimdir günahkar: Operativ Qərargah, polis, yoxsa sakinlər? – Ekspertlər Yasamal olayı haqda
"Problemin kökü koronavirusla bağlı prosesi idarə edənlərin tənzimlənməni düzgün aparmaması və ya apara bilməməsindən qaynaqlanır”.
Sfera.az-a açıqlamasında bu sözləri çölə çıxma qadağası dövründə iyunun 7-də Yasamal rayonunda polislə sakinlər arasında baş vermiş insidentə münasibət bildirərkən hüquqşünasƏsgər Əhmədoğlu deyib:
"48 saat ərzində küçəyə çıxmağı, hətta zibil atmağı qadağan etmək "qaş düzəldən yerdə, göz çıxarmağ”a bənzəyir. İnsan sağlamlığı baxımından 24 saat ərzində evdə qalmaq ziyanlıdır. Qan dövranı, immunitet zəifləyir. Hökmən bunun alternativi olmalıdır. Ya zibil daşıyanlar həmin günləri qapı-qapı gəzib onu toplamalı, ya da SMS-lə icazə verilməli idi. İstənilən normal ölkədə koronavirusla bu formada "mübarizə” metodu yoxdur. Yalnız Çinin kommunist rejimində blokların qapısını hasarla bağlayırdılar. Küçəyə çıxmamaq, ictimai nəqliyyatı dayandırmaq təbiidir, pandemiya ilə mübarizədə vacibdir. Bir binanın həyəti, həm də mənzilin davamıdır. Ora qədər insanın mənzil toxunulmazlıq hüququ qorunur. Ona görə də polisin həmin şəxslərə adekvat olmayan təzyiqi mövcud olaya təkan verib.Ancaq bu olayın yaşanmasında polisdən çox əsasən Nazirlər Kabinetinin vediyi qərarın düzgün tənzimlənməməsi rol oynayıb”.
Həmsöhbətimiz hesab edir ki, polis prosesə adekvat reaksiya göstərməyib: "Karantin rejimini pozan vətəndaşla bağlı protokol tərtib edib, onu sadəcə cərimələmək olardı. Bunun əvəzində vətəndaşı soyundurub, zorla maşına basmaq istər-istəməz cəmiyyətdə narahatlıq yaratmalı idi. Polisin insanların evinə soxulması, insan ləyaqətini aşağılayan rəftara yol verməsi, vətəndaşı təhqir etməsi cinayət əməlidir. Ona yol verən polis hökmən işdən çıxarılmalı, cəzalandırılmalıdır. Bu polisin nüfuzunu aşağı salmağa xidmət edən haldır. Burada hüquq pozuntusu və siyasi sabotaj var”.
Ə. Əhmədoğlu dedi ki, hadisədə qanunu pozan vətəndaşlara münasibətdə isə xırda xuliqanlıq maddəsi tətbiq edilə bilər. Yəni baş verən olayda 3 tərəfin, karantin rejimini idarə edən Operativ Qərargahın, polisin və vətəndaşın da müəyyən günahları vardır”.
"Belə təxribata gedənlər vətəndaş-polis münasibətlərinə xələl gətirmək istəyiblər”
Bunu isə sayta açıqlamasında Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev söyləyib:"Bu hadisə ilə bağlı bir çox detallara nəzər salaq. Polisə qarşı yönələn bu əməli törədənlər arasında təxribat yaratmağa meylli insanların olması istisna deyil. Videodan görünür ki, polis karantin rejimini pozan şəxsi avtomobilə mindirmək istəyir. Bu əməli ilə polis heç bir qanun pozuntusuna yol vermir. Ancaq ətrafdakı binalarda yaşayan bir neçə şəxs digər vətəndaşları polisə itaətsizliyə, hətta onlara qarşı zor tətbiqinə çağırıb. Belə bir çətin zamanda vətəndaşların asayiş keşikçilərinə yönəlik bu cür aqressiv hərəkəti polisin nüfuzunu aşağı salmağa hesablanıb. Bilə-bilə, əhalinin gözü qarşısında belə hadisəni təşkil etmək yalnız polisə ziyan vurmur. Bunun cəmiyyət üçün də ziyanı var. İctimai münasibətlərin qorunub saxlanması, mühafizə olunmasına əngəl yaradan amildir. Bu təxribatı törədənlərinməqsədi vətəndaş-polis münasibətlərinə xələl gətirmək olub”.
Elçin