Kiçik sahibkarlar Abşeronda cəmləşib - Regional balans pozulub

Kiçik sahibkarlar Abşeronda cəmləşib - Regional balans pozulub
Asiya İnkişaf Bankı hesab edir ki, Azərbaycanda mikro, kiçik və orta müəssisələr (MKOM) hələ də çətinliklərlə üzləşməyə davam edir.
 
Qurum bildirir ki, hökumət MKOM-ların dəstəklənməsi və inkişafının təşviqi üçün bir sıra tədbir görüb. Amma illər ərzində bu sahədə ciddi irəliləyişlərin əldə edilməsinə baxmayaraq, MKOM-lar çətinliklərlə üzləşməyə davam edir və bu çətinliklər, xüsusilə, yüksək borcalma məsrəflərinə görə maliyyə vəsaitinə çıxışın və uzun müddətli maliyyənin çatışmazlığı, kreditorların MKOM-ların kredit qabiliyyətinə az dəyər verməsi, maliyyə savadlılığının zəifliyi, maliyyə qurumlarına etibarın aşağı olması və yetərsiz təminat ilə bağlıdır.

Banka görə, MKOM-ların maliyyələşdirilməsi sahəsinin islahatı hədəf və göstəricilərə əsaslanan daha dəqiq və inklüziv strategiyanı tələb edir. 

Bəs, MKOM-ların Azərbaycan iqtisadiyyatında mövqeyi necədir və MKOM-ların mövcud vəziyyətini qənaətbəxş hesab etmək olarmı? 

Sfera.az rəsmi məlumatlara əsasən bildirir ki, 2020-ci ilin əvvəlində Azərbaycanda 271 304 MKOM olub. Onların 97 faizi mikro, 2 faizi kiçik,1 faizi orta sahibkar kateqoriyasına sahibdir. 

Nazirlər Kabinetinin 2018-ci ilin dekabrın 21-də təsdiq etdiyi qaydalara əsasən, mikro sahibkarlara işçilərinin orta siyahı sayı 10 nəfərədək, illik gəliri 200 min manatadək olan, kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan, orta sahibkarlara işçilərinin orta siyahı sayı 51 nəfərdən 250 nəfərədək, illik gəliri 3 milyon manatdan 30 milyon  manatadək olan müəssisələr aid edilir.

Rəsmi məlumatların təhlili göstərir ki, ölkəmizdə ÜDM istehsalında MKOM-ların payı 15 faiz olub. Amma qeyri neft-qaz sektorunda 25 faizə yaxındır. 
MKOM-ların iqtisadiyyatda əsas üstünlüklərindən biri məşğulluğa verdiyi töhfədir. Burada 332 mindən artıq insan çalışır ki, bu da ölkə üzrə işçi sayının 20 faizinə bərabərdir. 

Əsas kapitala investisiyaların 21 faizi (qeyri neft-qaz sektorunda 27 faizi) MKOM-lara məxsusdur.

MKOM-larla bağlı yaxşı olmayan göstərici onların daha çox Abşeron regionunda fəaliyyət göstərməsidir. Ölkədə olan 271,3 min MKOM-un 56,4 faizi Abşeron regionunda qeydiyyatdan keçib, fəaliyyəti bu regiondadır. Bu göstərici orta sahibkarlarda 67 faiz, kiçik sahibkarlarda 74 faizdir. 

MKOM-lar iqtisadi proseslərə, dəyişikliklərə qarşı kövrək olur. Buna görə də bağlanan müəssisələrin əksəriyyəti məhz MKOM-lardır. Bir ildə 104 min MKOM yaradıldığı halda, 30,5 min MKOM ləğv edilib. 

Göstəricilərin təhlili ondan xəbər verir ki, Azərbaycanda MKOM-ların iqtisadiyyatda mövqeyi əvvəlki illərə nisbətən yaxşılaşsa da, hələ də məqbul deyil. Çünki Azərbaycan kimi orta gəlirli ölkələrdə MKOM-ların ÜDM-də payı 67 faiz (Azərbaycanla müqayisədə 4 dəfə böyük), məşğulluqda payı 68 faiz (Azərbaycandan 3 dəfə böyük), əldə edilən gəlirdə payı 58 faiz (ölkəmizdən 3 dəfə çox) olub.
 
Vasif
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR