Kənd yerlərində istirahət edənlərin sayı artır, qiymətlər isə yüksəlir

Kənd yerlərində istirahət edənlərin sayı artır, qiymətlər isə yüksəlir
Xüsusi karantin rejiminin yumşaldılması Azərbaycanda kənd turizmində yenidən canlanma yaradıb. Bu il kənd yerlərində istirahət edənlərin sayı xeyli artıb, qonaq evlərinə tələb güclənib. Tələbin artması qonaq evlərində gecələmə qiymətlərinin də yüksəlməsinə səbəb olub. 

Kənd turizminin mövcud vəziyyəti ilə bağlı Sfera.az saytına açıqlama verən Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyinin sədri Qəhrəman Yusupov qeyd etdi ki, bu il kənd turizmində vəziyyət 2020-ci ilə nisbətən daha yaxşıdır. 

"Ötən il karantin tədbirləri daha sərt idi və rayonlara səfərlər yalnız xüsusi icazə əsasında mümkün olurdu”, - deyən Q.Yusupov söylədi ki, bu il rayonlara səfər etməklə bağlı məhdudiyyət yoxdur, eyni zamanda xarici ölkələrə səfərlər çətinləşdiyindən ölkə daxilində istirahət edənlərin sayı artıb. 

Həmsöhbətimiz mövcud vəziyyətdə kənd qonaq evlərində yerləşən turistlərin sayının xeyli artdığını bildirdi: 

"Kənd qonaq evlərində istirahət edənlərin sayında artım böyükdür. Bununla əlaqədar qiymətlərdə də nəzərəçarpacaq artım var.  Qiymətlərin artması tələbin artması ilə bağlıdır.  Düzdür, bəzən ev sahibləri tələbin çox olmasından istifadə edib şəraitsiz evləri də yüksək qiymətə təklif edirlər. Bu halda turist başqa ev axtarmalıdır. Amma belə imkan olmadığından əksər hallarda şəraiti yaxşı olmayan evlərə də yüksək qiymətə razılaşırlar. 

2021-ci ildə İsmayıllı, Qəbələ, Quba, Xaçmaz, Lerik, Lənkəran və Masallı rayonlarının kənd yerlərində istirahət etmək istəyən çoxlu sayda turist var”.

Q.Yusupov dedi ki, Azərbaycanda kənd turizminin inkişafı üçün dövlət də dəstək verir. O, bu ilin iyunun 21-də Kənd Təsərrüfatı Nazirliyinin  "Aqrar Tədarük və Təchizat" ASC-nin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə kənd turizmi ilə bağlı vebinar keçirdiklərini, bu tədbirdə adıçəkilən qurumların regionlarda olan struktur bölmələrinin nümayəndələri ilə bərabər kənd qonaq evlərinin sahiblərinin və xarici ölkələrdən olan qonaqların iştirak etdiyini bildirdi. 

Kənd turizminin alternativ istirahət forması olduğunu qeyd edən Q.Yusupov son dövrlərdə istirahət etmək istəyənlərin fərdi evlərə marağının artdığını dedi. Onun fikrincə, marağı artıran əsas səbəb qonaq evlərində qalmağın otellərə nisbətən daha böyük sərbəstlik yaratmasıdır. 

Həmsöhbətimiz kənd turizminin imkanlarından az sayda da olsa, xarici turistlərin də istifadə etdiyini bildirdi: 

"Azərbaycanın kənd yerlərində istirahət edən xarici vətəndaşların sayı çox az olur. Bunun səbəbi qonaq ev sahiblərinin əksəriyyətinin öz xidmətini çatdıra bilməməsidir. Xarici turist bilməlidir ki, harda qonaq evləri var, orada şərait necədir, öncədən sifariş imkanı varmı və s. Bunu edə bilən qonaq evi sahibləri xarici turist cəlb edir. Xariciləri cəlb edə bilən qonaq evi sahibləri Şəkidə və İsmayıllı rayonunun Lahıc qəsəbəsində var. Amma bu, kütləvi deyil. 

Xarici turistlərin sayının az olmasının bir səbəbi də dil problemidir. Rayonlarda ingilis dilini bilən insanlar azdır, buna görə də xarici turistlərlə təmaslar zəif olur”.

Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR