Karantin tədbirlərinin yumşaldılmasından sui-istifadə etsək virusun yeni dalğası ilə üz-üzə qalacağıq

Karantin tədbirlərinin yumşaldılmasından sui-istifadə etsək virusun yeni dalğası ilə üz-üzə qalacağıq
 Koronavirusla əlaqədar ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması, əslində, o deməkdir ki, bu qlobal problemdən qalib çıxmaq üzrəyik. Lakin arxayınlaşmaq olmaz, təhlükə tam sovuşmayıb, proseslərin sonrakı mərhələsində atılacaq addımları Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyən edəcək. Verilən qərarın məzmunundan asılı olmayaraq unutmayaq ki, Azərbaycan xalqı ciddi sınaq qarşısındadır. Ya biz bu virusa qalib gəlib normal həyatımıza dönəcək və postpandemiya dövrünün meydana çıxardığı problemlərin həlli ilə məşğul olacağıq, ya da xəstəliyin yeni dalğası üz-üzə qalmalı olacağıq.

BSfera.az xəbər verir ki, bu fikirləri azərtac-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib. Deputat qeyd edib ki, kifayət qədər ehtiyatlarımız var, lakin imkanlarımız sonsuz deyil. Biz COVID-19-un ilk və ümid edirik ki, bizim üçün son dalğasına 3,5 milyard manatdan çox pul xərclədik. Dövlət vəsaitinin pandemiyanın yeni dalğasının nəticələrinin aradan qaldırılmasına yönəlməməsi üçün hər bir vətəndaşımızın üzərinə ciddi vəzifələr düşür. Bu, bir milli borcdur, vətən, xalq, dövlət və dövlətçilik qarşısında mənəvi vəzifədir. Əslində məsələ kifayət qədər sadədir: Karantin tədbirlərinin yumşaldılmasından sui-istifadəyə yol verməmək.

Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə videokonfransda da dediyi kimi, karantin tədbirləri Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməkdədir. Aydındır ki, bu şəraitdə karantin tədbirləri sonsuzadək davam edə bilməz. Əlbəttə, bu rejim bir yerdən, bir məqamdan sonra tədricən yumşaldılmalıdır. Karantin tədbirlərinin yumşaldılması elə sərtləşmə tədbirləri kimi mərhələli şəkildə həyata keçirilməkdədir. Hüquqlar, vəzifələr, rejimi dəyişən, fəaliyyətə açılan obyekt və sahələrin dairəsi konkretləşib. Vətəndaşın hərəkət imkanı SMS xəbərdarlıq imkanı vasitəsilə nizamlanıb. İndi vətəndaşın üzərinə düşən yeganə vəzifə bu qaydalara riayət etməkdir. Axı, başa düşmək çətin deyil ki, bir həftə ərzində yoluxmanın sayının üçrəqəmli göstəriciyə çatması, əldə olunan nailiyyətlərin heçə endirilməsi üçün cəmi bir şəxsin gizli yoluxması kifayət edə bilər. Sizcə bu dövlətə, xalqa xəyanət olmazmı?

Azərbaycan Prezidentinin də dediyi kimi, son iki ayda xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib. Dövlət bu il ödənişli ictimai iş yerlərinin sayını da 2 dəfə artırıb. Bundan sonra da artaraq il ərzində 90 min olacaq. Habelə sosial yardım alan vətəndaşların da sayı 80 minə çatdırılıb, özünüməşğulluq imkanlarından faydalanan insanların sayı 70 faiz artırılaraq 12 minə çatdırılıb. Prezident İlham Əliyev qeyd edir ki, bundan sonra da sosial sahədə hansı addımlar lazımdırsa atılacaq, məbləğinə və maliyyə yükünə baxmadan. Bu, ali humanizm nümunəsidir. Lakin hər birimiz bir məqamı anlamalıyıq ki, bu büdcə, bu iqtisadiyyat bizimdir, iqtisadi artım bizim güzəranımız, gücümüz, ailəmizin, övladımızın gələcəyi deməkdir. Yaxşı olmazmı ki, dövlət vəsaiti xəstəlik və onun nəticələrinə deyil, iqtisadi inkişafa, insan kapitalının inkişafına yönələ? Təbii ki, mümkündür, ancaq karantin rejiminin tələblərinə əməl etməklə. Dövlət karantin rejiminin davam etdirilməsində maraqlı deyil. Hər ötən gün büdcəyə yükdür. Eyni zamanda, tətbiq edilən rejim vətəndaş üçün də kifayət qədər diskomfort yaratmaqdadır. Mövcud karantin rejiminə ən qısa müddətdə son qoyulması həm dövlətin, həm də vətəndaşın niyyəti ilə üst-üstə düşür. Faktiki olaraq məqsəd eynidir. Bu məqsədə çatmağın yeganə yolu rejimə əməl etməkdir. Nə qədər ciddi riayət edərsək, bir o qədər də rejimin tez bitməsinə nail ola bilərik.

"Tam məsuliyyəti ilə deyə bilərik ki, biz heç bir toplumdan geri qalmırıq, hətta çoxları üçün rəşadət, cəsarət və dözümə görə daha üstünük. Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, milli kimlik, ailə dəyərləri, böyüklərə hörmət, kiçiklərə qayğı məfhumu bir sıra cəmiyyətlərdən fərqli olaraq bizdə hələ də çox ciddi formada qorunmaqdadır. Biz çoxlarından daha yekdil milli ruha malikik. İndi bu xüsusiyyətlərimizi nümayiş etdirməyin zamanıdır. Birinci və İkinci dünya müharibələrində mühasirəyə düşən, ac qalan şəhərləri yada salaq. Bu gün biz də COVID-19 adlı düşmənlə üz-üzəyik, daha dəqiq desək, mühasirədəyik. Bu düşmən tarixboyu qarşılaşdığımız düşmənlərin hamısından daha amansız, daha qəddardır. Bu müharibədə humanitar hüququn heç bir qaydasının hökmü yoxdur. Yeganə çarəmiz, ailəmizi, uşağımızı, evimizin yaşlısını qorumağın yeganə yolu məhz karantin qaydalarına əməl etməkdən keçir. Təbii ki, dövlət karantin rejimini inzibati tədbirlərlə təmin etmək gücündədir. Lakin anlayışla qarşılamaq, tədbirlərin mahiyyətini anlayıb hərəkət etmək daha doğru olmazmı?”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR