“Karantin tədbirlərinə hazır olmalıyıq” – Adil Qeybulladan yeni qapanma anonsu
13:28 / 13.07.2021
1773
Dünyada ardıcıl 4 həftədir ki, COVİD-19-a
yoluxma artır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru
Tedros Adhanom Qebreyesus deyib.
Eyni hal Azərbaycanda da müşahidə edilir. Son
günlərin statistikasına nəzər saldıqda, əvvəlki həftələrlə müqayisədə
yoluxmaların sayında artım olduğu görülür.
Bu baxımdan hazırda ictimaiyyətdə yenidən
qapanmalara gedilməsi ilə bağlı söz-söhbətlər dolaşır. Maraqlıdır, Azərbaycanda
karantin rejiminin sərtləşməsinə ehtiyac varmı?
Tibb məsələləri üzrə ekspert Adil Qeybulla
Sfera.az-a açıqlamasında deyib ki, karantin qaydalarının sərtləşdirilməsi
epidemioloji vəziyyətdən asılıdır:
"Azərbaycanı əhatə edən ölkələrdə - Rusiya,
Gürcüstan, Türkiyədə "Delta” ştammı aşkar edilib. Məsələn, Rusiyada situasiya
artıq xeyli ciddiləşib. Hesab edirəm ki, Azərbaycan da bu nəzərə alınmalı və müəyyən
karantin tədbirlərinə hazır olunmalıdır”.
Müsahibimizin sözlərinə görə, hazırda əhali
sanki karantin müddətinin bitdiyini düşünür: "Çünki restoranlarda , şadlıq evlərində,
ayrı-ayrı yerlərdə biz bunu müşahidə edirik. Əlbəttə, bu yolverilməzdir. Biz
pandemiyanın davam etdiyini nəzərə almalıyıq. Bununla da daha sonra yaranacaq
problemlərin qarşısı alınmalıdır”.