Karantin rejimi yumşaldılır: ictimai nəqliyyatda necə davranmalı?

Karantin rejimi yumşaldılır: ictimai nəqliyyatda necə davranmalı?
 

Dünyada artıq ciddi problemə çevrilmiş koronavirus pandemiyasına görə Azərbaycanda da xüsusi karantin rejimi tətbiq olundu. Əvvəlcə aprel ayının 20-ə qədər müəyyən olunsa da, daha sonra mayın 4-ə qədər müddət uzadıldı. Daha sonra xüsusi karantin rejimi mayın 31-dək müəyyən yumşaldılmalarla uzadıldı.

Virusun yayılması məsələsində ən ciddi problemlərdən biri ictimai nəqliyyatla bağlıdır. Təbii ki, "Bakı Metropoliteni"nin bağlanması, yerüstü nəqliyyatın yükünü dəfələrlə artırıb. Bakı Nəqliyyat Agentliyi (BNA) bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Avtobusların sayının artırılması, ekspress xətlərinin açılışı, gündəlik dezinfeksiya işləri və s. Amma bütün bunlar yetərlidirmi?

Karantin rejimindən necə çıxaq?

Qeyd etdiyimiz kimi karantin yumşaldılandan sonra küçələrə axışıb təhlükəni dəfələrlə artırmaq yersizdir. Xüsusilə ictimai nəqliyyatda davranış qaydalarına ciddi əməl etmək lazımdır. Təbiidir ki, işə gecikməmək üçün bəziləri buna məcbur olduğunu əsas gətirə bilər. Amma bir məsələ də var ki, lüzumsuz yerə evdən çıxmaq və avtobusda yer tutmaq kiminsə işə gecikməsi ilə nəticələnəcək. Bir anlıq düşünək ki, 3 saatlıq icazəni sadəcə, "çıxım, bir gəzim" fikri ilə qəbul etməyin ictimai fəsadları var. Əvvəla bu insanın şəxsi həyatı üçün təhlükə yaradır. Eyni zamanda həqiqətən zəruri olaraq çıxan insanlara maneə yaradırıq. İctimai nəqliyyatın onsuz da artıq olan yükünü çoxaltmaqla nə qədər insanı əziyyətə saldığımızın fərqindəyikmi? Xəttə çıxan hər bir avtobus gördüyümüz maşın və sürücüdən ibarət deyil. Avtobusu təmir edən usta, onu təmizləyən, dezinfeksiya edən işçilər, texniki nəzarət, tibbi yoxlama, dispetçer, tənzimləyici və s. Hələ istifadə olunan yanacaq, onu istehsal edən müəssisə, daşıyan sürücülər... Bu zəncirvari siyahını uzatmaq olar. Yəni gündə 100 nəfərin lüzumsuz yerə çölə çıxması və ictimai nəqliyyatdan istifadə etməsi, eyni sayda insanın işini artırmaqdan başqa bir şey deyil.

Sosial məsafəni necə qorunmalı?

Yuxarıda qeyd etdiyimiz kimi lüzumsuz deyil, həqiqətən zərurətdən ictimai nəqliyyatdan istifadə edən şəxslərin ilk əməl etməli olduqları məsələ sosial məsafədir. Yəni əvvəllər vərdiş etdiyimiz kimi "mehribanlaşmaq" anlayışını kənara qoymaq lazımdır. Avtobusda istər ayaq üstə, istərsə də oturan zaman ən azı 1 metrlik məsafəni gözləmək şərtdir. Çünki qarşındakının virus daşıyıcısı olub-olmadığını bilmirsən. Ola bilər ki, həmin şəxsdən virusu alarsan və sənə ümumiyyətlə təsir etməsin. Amma bunu yaşlı, xəstə bir insana, yaxud bu təbəqədən olan bir əzizinə keçirsən necə olacaq? Təbii ki, koronavirus əbədi deyil və bir müddətdən sonra artıq tarixə qovuşacaq. Amma yaranmış yeni vərdişləri saxlamaq faydalıdır. Çünki müasir dünyamızda bu cür xəstəliklərin olması qaçılmazdır. Ola bilər ki, koronavirusdan daha təhlükəli xəstəliklər olsun. Ən azından bu təcrübəni qorumaq lazımdır.

Metro açılan kimi yerin altına girməyək...

Artıq bir aydan çoxdur ki, metro olmadan da hərəkət etməyin mümkün olduğunu anladıq. Yəni alternativ hər zaman ola bilir. Odur ki, metro açılan kimi (yaxın müddətdə metronu açılacağı bildirilir) hamılıqla yerin altına axışmaq da düzgün deyil. Məsələn, həftədə iki dəfə avtobusdan, 3 dəfə metrodan istifadə etmək olar. Bəlkə də bütün bunlar kimlər üçünsə qəribə görünə bilər. Hətta "virus boş şeydir" düşüncəsi də təbiidir. Amma sadalananlar təkcə virusdan qorunmaq üçün deyil. Cəmiyyətdə illərdir formalaşmış mənfi fəsadların aradan qaldırılması üçündür. Təsəvvür edin ki, gündə on min nəfər metronu yox, avtobusu seçəcək. Bu, metroda nə qədər rahatlıq yaradar. Yaxud da əksinə, avtobusu metro ilə dəyişmək. Ümumilikdə bu, cəmiyyətdə bir tarazlıq formalaşdıra bilər.

P.S: Hər halda karantin rejimindən sonra insanların sosial həyata adaptasiya prosesi də müəyyən vaxt alacaq. Bu vaxtın tez və ən əsası sağlam başa çatması üçün kəskin deyil, mərhələli hərəkət etsək daha məqsədəuyğundur.

(mediapost)


OXŞAR XƏBƏRLƏR