Karantin rejimi psixikamızı belə məhv edir – Psixoloqdan açıqlama
15:15 / 02.03.2021
755
Artıq bir ildən çoxdur ki, karantin rejimində
yaşayırıq. Aylarla toy, şənlik, gülər üz görməyən insanlar həm də küçədə xoş
sima əvəzinə tibbi maskalı şəxslərlə qarşılaşırlar.
Maraqlıdır, bu durum insanların ruh halına,
depresiyaya, intiharlara meyllənməsinə nə dərəcədə təsir edir?
Mövzu ilə bağlı psixoloq Fərqanə MehmanqızıSfera.az-a hər kəsdə bədbinlik, aqressiya, somatik depressiya, panik atak,
xroniki depressiya əlamətlərinin görüldüyünü bildirib:
"Çünki insanlar bir ildən çoxdur, karantinin nəticələrindən
əziyyət çəkirlər. Onlarda azadlıq hissinin məhdudiyyəti var. Biz hər an pis nəsə
baş verə biləcəyini anlayır və sanki bunu gözləyirik. Ən böyük zərbə isə sabah
hansı xəbərlərin, məlumatın olacağını bilməməkdir. Bu kimi faktlar insanlarda
daxili aqressiyaya səbəb ola bilir. Təbii ki, bunlar da intiharların artmasına,
ailədaxili şiddətin çoxalmasına və bədbinliyə gətirib çıxarır”.
Psixoloq qeyd edib ki, bu gün işlə bağlı məhdudiyyətlər,
insanların asosiallaşması, özünü sosial mühitdə tətmin edə bilməməsi, bir-birilə
münasibət qura bilməməsinə gətirib çıxarır:
"İnsanlar bir həftə, bir ay sonranın planını
cıza bilmirlər. Planları alt-üst olur. Bu da insan psixologiyasında müəyyən
sarsıntılara səbəb ola bilər. Hər bir şəxs müəyyən hadisələri özünün psixoloji
durumuna uyğun olaraq dəyərləndirir. Pandemiyanın zərəri isə hazırda psixoloji durumu zəif insanlarda daha çox
hiss olunur”.
Günay Rəsulqızı