“Karantin koronavirusdan daha çox adam öldürür” -REAL sədri hökumətin qərarlarını tənqid etdi
11:50 / 03.03.2021
1184
REAL Partiyasının sədri İlqar Məmmədov
karantin tədbirləri və COVİD-19
pandemiyası ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb.
Sfera.az xəbər verir ki, partiya sədri indiyə qədər Azərbaycanda COVİD-19-dan nə qədər
insanın həyatını itirdiyini, nə qədər insanın bu virusa yoluxduğunu hesablayıb:
"Əvvəlcə beynəlxalq elmi hesablamalarla
başlayaq. İspaniya dövlət agentliyinin
araşdırması Azərbaycanda yoluxanların 0.273 faizinin, ABŞ dövlət agentliyinin
araşdırması 0.313 faizinin, İngiltərə yarı-dövlət qurumunun araşdırmaçıları
0.474 faizinin, ABŞ-İngiltərə araşdırmaçıları qrupu 0.515 faizinin öləcəyini
deyir.
Rəsmi statistikaya əsasən, Azərbaycanda 2015 -2019-cu
illərdə bütün səbəblərdən orta hesabla ildə 56 min adam ölürdü. Yenə də rəsmi
statistikaya əsasən, 2020-ci ildə Azərbaycanda ölüm sayı 75,5 min təşkil edir.
Onlardan 3 mini şəhidlərimizdir. Qalan 16,5 mini – səbəbi açıqlanmayan və heç
vaxt baş verməyən miqyasda "artıqlama”dır.
Əvvəlki illərin ± prinsipini götürərək güzəştə
gedib fərz edək ki, 1500 nəfər hansısa demoqrafik və digər "normal” səbəblərdən
ölənlərdir. Qalır 15000 normadan artıq ölüm. Bunların səbəbi nə idi? Məncə
karantin. Amma hökumət deyəcək ki, bunları məhz koronovirus öldürüb”.
İ.Məmmədov ölüm səbəblərinin koronavirus
olduğunu nəzərə alaraq, gəlinən nəticədən söz açıb: "Yaxşı, tutalım elə
koronovirus. Onda hansı nəticəyə gəlirik?
Koronovirus 15 min nəfər "normadan artıq” adam öldürübsə, ən azı bir neçə
min "norma” daxilində də adam öldürüb. Məsələn, 3 min....15 min +3 min =18 min.
Beləliklə, yuxarıdakı faizlərə söykənərək, koronavirusa yoluxanların sayını da
hesablamaq mümkün olur:
- İspaniya dövlət agentliyinin araşdırmasını əsas
götürsək, Azərbaycanda ötən il 6,6 milyon insan yoluxub (18000*100/0,273=6,6
milyon)
- ABŞ dövlət agentliyinin araşdırmasını əsas
götürsək, Azərbaycanda ötən il 5,8 milyon insan yoluxub (18000*100/0,313=5,8 milyon)
- İngiltərə yarı-dövlət qurumunun
araşdırmaçılarının nəticələrini əsas götürsək, Azərbaycanda ötən il 3,8 milyon
insan yoluxub (18000*100/0,474=3,8
milyon)
- ABŞ-İngiltərə araşdırmaçıları qrupunun nəticələrini
əsas götürsək, Azərbaycanda ötən il 3,5 milyon insan yoluxub
(18000*100/0,515=3,5 milyon)”.
Yekun olaraq, partiya sədri vurğulayıb ki, rəsmi
dövlət göstəricilərinə əsasən, əhalinin yuxarı-aşağı yarısı artıq
koronavirusa yoluxub. O bildirib ki,
karantin tədbirləri ancaq zərər verir və öldürücüdür.
Sfera.az