Karantin günlərində hansı məhsullar ucuzlaşdı?

Karantin günlərində hansı məhsullar ucuzlaşdı?

Azərbaycanda koronavirus infeksiyası ilə əlaqədar karantin rejiminin tətbiqi, eyni zamanda əhalinin gəlirlərinin azalması qeyri-ərzaq mallarına tələbi xeyli azaldıb. Tələbin azalmasına banklar tərəfindən verilən istehlak kreditlərinin azaldılması da təsir göstərib. Hazırkı vəziyyətdə yalnız zəruri qeyri-ərzaq mallarına, o cümlədən yuyucu vasitələrə, mətbəəxdə istifadə edilən mallara tələb əvvəlki səviyyədədir. Digər mallara, xüsusən geyim, məişət avadanlıqlarına, tikinti materiallarına tələb xeyli azalıb.

 

Belə bir vəziyyətdə həmin məhsulların bazar dəyərinin düşməsi müşahidə edilir.

 

2020-ci ilin yanvar-aprel ayları ərzində pərakəndə ticarət şəbəkəsində satılan məhsulların strukturuna diqqət yetirdikdə görürük ki, ərzaq məhsulları, içkilər, tibbi ləvazimatlar və tütün məmulatlarına çəkilən xərc artsa da, qeyri-ərzaq mallarına çəkilən xərc azalıb.

 

Sfera.az xatırladır ki, ərzağa xərclənən pul əvvəlki ilin eyni rübünün səviyyəsini real ifadədə 2,6 faiz üstələyərək 6,2 milyard manata çatıb. Ticarət dövriyyəsi 5,4 milyard manat təşkil edən qeyri-ərzaq mallarının satışı isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalıb. Nəticədə əhalinin pərakəndə xərclərində ərzaq məhsullarının payı 53,5 faizə yüksəlib. Yanvar-apreldə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 154,9 manatlıq ərzaq məhsulları aldığı halda, qeyri-ərzaq mallarına 134,2 manat xərcləyib.


Qeyri-ərzaq mallarına çəkilən xərclərdə ən çox azalma geyimdə qeydə alınıb. Geyimə xərclənən pul bu il 20,4 faiz azalaraq 1,6 milyard manata enib. Bundan başqa elektrik malları və mebellərə çəkilən xərc 17,6 faiz azalaraq 586,6 milyon manata, avtomobil yanacağına çəkilən xərc 1,8 faiz azalaraq 626,6 milyon manata, elektron avadanlıqlara çəkilən xərc 1,9 faiz azalaraq 84,2 milyon manata düşüb. Bu dinamika böyük ehtimalla yanvar-may dövründə də davam edib.

 

Belə vəziyyətdə qeyri-ərzaq mallarının qiymətində artım sürəti xeyli azalıb. Yanvar-apreldə qeyri-ərzaq malları 1,2 faiz bahalaşıb. Apreldə isə bahalaşma 0,1 faiz olub. Apreldə məhz geyim, elektron avadanlıqların və məişət avadanlıqlarının qiymətində enmə müşahidə edilib. Digərlərində isə bahalaşma baş verib.

Karantin dövründə əhalinin pərakəndə xərclərinin əsasən ərzaq məhsullarının hesabına artdığını görürük. Qeyri-ərzaq mallarının satış dövriyyəsində müəyyən qədər azalma var. Bu dövrdə əhalinin gəlirinin azalması onların xərclərinə daha rasional yanaşmağa məcbur edib. İnsanlar ilk növbədə ərzaq və kommunal xərclərini ödəyir. Gəlirlərin azalması mobil telefon, məişət avadanlığı, geyim, avtomobil almaq üçün vəsait ayrılmasını məhdudlaşdırır.

Bu məhsulların artıq hamısında qiymət enmələri baş verir. Güman ki, karantin dövrü başa çatsa da hələ bir müddət bahalı qeyri-ərzaq mallarının satışını əvvəlki səviyyə çatdırmaq mümkün olmayacaq. Çünki istehlak kreditlərinin də azalması, bankların bu cür kreditlərə məhdudiyyət gətirməsi qeyri-ərzaq mallarının satışını zəiflədib. Belə vəziyyətdə həmin məhsulların satışı ilə məşğul olan şirkətlər daha böyük qiymət endirimlərinə və güzəştli şərtlərlə satışa dair qərar qəbul etməli olacaq.


2015-2016-cı illərdə də həmin mallara tələb xeyli azalmışdı. Şirkətlər, ticarət müəssisələri məcbur olub qiymətlərdə ciddi endirimə keçdilər. Elə mallar oldu ki, onların qiyməti devalvasiyadan əvvəlki qiymətdən fərqlənmirdi. Bu cür endirimləri edib, işləyə bilən sahibkarlar sonradan öz bazarlarını böyütdülər. Bunu bacarmayanlar bazardan çıxdılar. İndi də oxşar vəziyyətdir. Satış azalıb, karantinlə əlaqədar insanların gəlirində azalma var, ona görə də ən azı 2020-ci ilin sentyabrına qədər ticarət həcmi az olacaq. Bu dövrdə satışını artırmaq istəyən sahibkar hökmən ciddi qiymət endiriminə getməlidir.

Qeyd edək ki, artıq aprel ayında sözügedən malların satış qiymətlərində enmə müşahidə edilib. 2019-cu ilin mart ayına nisbətən məişət cihazları 0,1 faiz, minik avtomobilləri 0,6 faiz, telefonlar 0,1 faiz ucuzlaşıb.

 

Vasif CƏFƏROV

 


OXŞAR XƏBƏRLƏR