\"Planda var ki...\" - Badamdar nə vaxta kimi sürüşəcək?

\
Xəbər verdiyimiz kimi Bakıda Badamdar qəsəbəsində torpaq sürüşməsi olub, yol bağlanıb.

 

Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb. Ətrafda yaşayan insanlar təxliyə olunub.

 

Sözügedən ərazidə sürüşmə halı bundan əvvəlki illərdə də qeydə alınıb. Problemin yaranmasına səbəb kimi isə ərazidə su və kanalizasiya sisteminin olmaması göstərilir.

 

Ötən il ərazidə su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı prosesin yekunlaşacağş bildirilsə də görünən odur ki, problem hələ də həll edilməyib.

 

Maraqlıdır, ərazidə kanalizasiya və su şəbəkəsi sisteminin qurulması nə zaman yekunlaşacaq?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan Azərsu Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı problemin cari il ərzində həll ediləcəyini bildirib:

 

"Sürüşmə zonasına yaxın 11 evin birində yaşayış yoxdur. İki evdə isə nə su, nə də kanalizasiya xətti var. Amma digər evlərin hər biri mövcud şəbəkəyə qoşulub. Ümumiyyətlə, Badamdarda 3-cü massivdə su və kanalizasiya şəbəkəsinin yenidən qurulması ilə bağlı işlərin bir hissəsini görmüşük. Planda var ki, cari il ərzində görülən işlər yekunlaşsın. Məlum olduğu kimi görülən işlər dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir”, - deyə qurum rəsmisi qeyd edib.


Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR