Jurnalistlərin üçüncü binası ilə bağlı müraciətdə imzası olan Qulu Məhərrəmli ittihamlara cavab verdi
11:28 / 26.07.2021
803
Xəbər verdiyimiz kimi ötən gün bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsi jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bu məsələ bir çox jurnalistin narazılığına səbəb olub və müraciətə imza atanlar tənqid edilib.
Sözügedən siyahıda adı olan tanınmış jurnalist Qulu Məhərrəmli məsələyə aydınlıq gətirib.
Sfera.az bildirir ki, professor bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, özünü cəmiyyətin gözündən salan şəxslərə görə yanlış anlaşılıb:
"Ən insani məsələdə belə adın həmin şəxslərlə bir siyahıda olanda səni yanlış anlayır, sənə görə məyus olur, qınayır, haqqında yanlış fikirlərə düşürlər.
Kəmfürsətlər isə bundan sənə qarşı ləyaqətsiz şəkildə istifadə etməyə çalışırlar.
Məlum "ev məsələsi"ndə kimlərsə fərqli maraqlar güdə bilər, amma Arif Əliyev və mən lap əvvəldən prinsip məsələsindən çıxış etmişik. Bu prinsip ondan ibarətdir ki, özünü jurnalist sayan kəslər ictimai maraqlara xidmət edirsə, hökumətdən ev hədiyyə ala, medianı və peşəni mənəvi iflasa uğrada bilməz”.
Q.Məhərrəmlinin sözlərinə görə, şərait elə olmalıdır ki, cəmiyyətdə ehtiyacı olan hər kəs, o cümlədən jurnalistlər mənzil ehtiyaclarını sosial ipoteka hesabına həll edə bilsinlər:
"Kimsə bu siyahı və müraciət məsələsini oyun hesab edə bilər, amma səmimi dostlar və ləyaqətli həmkarlar bilsinlər ki, biz heç bir oyunda iştirak etmirik”.
Günay Rəsulqızı
Sfera.az