Jurnalistləri tənqid edən müğənnilərə sərt REAKSİYA: Azərbaycanda “əxlaq polisi”nin yaradılması təklif edildi

Jurnalistləri tənqid edən müğənnilərə sərt REAKSİYA: Azərbaycanda “əxlaq polisi”nin yaradılması təklif edildi
Son illər verilişlərdə məşhur simaların jurnalistləri tənqid etməsi dəb halını alıb.
 
Elə ötən gün də müğənni Cavanşir Məmmədov və Manaf Ağayev jurnalistlərlə bağlı narazılığını ifadə edib. Belə ki,  "Həmin Zaur" verilişində C.Məmmədov media nümayəndələri haqda "onlar yazmasa, dolana bilməz axı, biz veririk də... Yəni mövzunu", - deyib. Ardınca həmkarı Manaf Ağayev qeyd edib ki, jurnalistlərdən dost olmaz: "Nə yazmayıblar indiyə kimi? Ümumiyyətlə görmüsünüz, nə vaxtsa nəyisə tərif etsinlər?".

Maraqlıdır, jurnalist-müğənni arasındakı bu münasibətin günahkarı kimdir?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov məsələ ilə bağlı Sfera.az-a danışarkən bildirib ki, başqa ölkələrdə belə fikirlər səsləndirən adamlar mənəvi və psixoloji cəhətdən linç edilir:

"Bunların günahkarı əslində jurnalistlərin özləridir. Şişirdilmiş ictimai xadim, məmur, müğənnilər, öz hacıları, sponsorları ilə fəxr edən "manıs"lar əgər fikir azadlığına sözün həqiqi mənasında tüpürürsə və "jurnalistlər yazmasa, acından ölər” deyirlərsə, onların əxlaqi cəhətdən problemi var. Televiziyanın müxtəlif kanallarına, aparıcılara pul verib vəkil, həkim, psixoloq, müğənni adı ilə xalqa sırınanlar görün nə oyunlardan çıxırlar. Vergi idarəsi maraqlanmalıdır ki, bu müğənnilər il ərzində vergi verirmi? Onlar Amerikada, orda-burda pul qazanırlar, nə həmin ölkəyə, nə də bizə vergi ödənişi edirlər. Eyni zamanda onlar hansı haqla varlı insanlardan pul qoparır, ailələrini dağıdırlar, tərbiyəsizliyi, əxlaqsızlığı Azərbaycan televiziyalarına gətirirlər, xalqın milli-mənəvi dəyərlərinə hörmətsizlik edirlər? Həmçinin, gənclərin tərbiyəsinə mənfi təsir göstərirlər”.

A.X.Əbilovun fikrincə, Azərbaycanda çoxdan "əxlaq polisi” yaradılmalı idi:

"Əxlaq yalnız namusla, intim münasibətlərlə bağlı deyil. Əxlaq həm də belə məsələlərlə əlaqəlidir. Bu insanları psixoloji araşdırmaq lazımdır. Tam məsuliyyəti ilə deyirəm, əksər kanallar qonorar almamış insanları qonaq çağırmırlar. Nadir hallarda, bəzi verilişləri çıxmaq şərtilə, qonorar almırlar. Baxın, kanallarda boş-boş danışanlar, alt paltarını nümayiş etdirənlər və.s kifayət qədərdir. Onlar televiziyalara pulları hardan gətirib verirlər və ya ev, maşın, paltar alırlar? Bu insanları ictimai qınağa gətirməsək, məhkəməyə verib cəzalandırmasaq, ağlına deyil, ağzına gələni danışanların sayı artacaq. Ciddi cəmiyyət yaratmasaq, belə insanlara səsimizi çıxarmasaq, yalnız öz cibini, öz ailəsini fikirləşən insanlardan ibarət toplum olsaq, mənasız şəxslər bizə öz fikrini diktə edəcək”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR