İvitsa Vrdolyak: "Zaqreb "Dinamo"su Emrelidən impuls alacaq"

İvitsa Vrdolyak:
"Mahir Emrelinin gəlişindən Zaqreb "Dinamo"su böyük impuls alacaq".

Sfera.az xəbər verir ki, bunu Xorvatiyanın ən titullu klubunun sabiq futbolçusu İvitsa Vrdolyak Polşa "Legiya"sından ayrılmaq istəyən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mümkün transferi barədə yerli mətbuata açıqlamasında deyib.

Karyerası ərzində hər iki klubda çıxış etmiş sabiq müdafiəçi Emrelini "Dinamo"nun keçmiş forvardı, hazırda Türkiyə "Kayserispor"unda çıxış edən İsveçrə yığmasının üzvü Mario Qavranoviçə bənzədib: "Fikrimcə, Mahir oyun üslubu baxımından, Marioya çox oxşayır, amma daha sürətlidir. Maraqlıdır ki, Emreli tez-tez qol imkanları tapır. O, avrokuboklarda çox iş gördü. Buna görə də "Legiya" Avropa Liqasında İtaliya "Napoli"si və İngiltərə "Lester"inin də olduğu qrupda bir ara lider idi".

Bununla yanaşı, Vrdolyak azərbaycanlı hücumçunun Polşa çempionatında çox şeyi əldən verdiyini vurğulayıb. Onun sözlərinə görə, Emreli Zaqreb komandasında Bruno Petkoviçlə birgə əla tandem yarada bilər: "Çünki hər ikisi tam fərqli oyunçulardır".

Polşalı keçmiş forvard hesab edir ki, "Dinamo"nun 24 yaşlı oyunçunu heyətinə pulsuz qatması da mümkündür: "Baxın, "Legiya" azarkeşləri öz oyunçularının olduğu avtobusa hücum etdikdən sonra Mahir müqaviləsinin pozulması üçün müraciət edib. O, özünə dəymiş zərər qarşılığında belə bir addım atıb. Ona görə də "Dinamo" Emrelini nəzəri cəhətdən havayı əldə edə bilər. Azarkeşlər Lukinyas və Emreliyə qarşı daha aqressiv idilər. Çünki bu duet son oyunlarda mübarizə belə aparmırdı. Lukinyas Varşavaya qayıtsa da, Emreli müqaviləsinin pozulmasına çalışır. Bu isə "Dinamo" üçün əla imkandır".

Qeyd edək ki, Mahir Emreli hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan "Legiya"nın düşərgəsinə qoşulmaq istəmir. Onun vəkilləri Polşa klubu ilə müqavilənin pozulmasına çalışırlar.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR