İtaliyada Azərbaycan xalçaları sərgisi - FOTO

İtaliyada Azərbaycan xalçaları sərgisi - FOTO
 

İtaliyanın Bolzano şəhərinin "Museo Mercantile” muzeyində Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib. 

Azərbaycanın İtaliyadakı səfirliyinin Oxu.Az-a verdiyi xəbərə görə, Avropa Tekstil Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə həmin Akademiyanın prezidenti Richard Vill, Bolzano Ticarət Palatasının prezidenti Michl Ebner, Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (ICOC) Elmi Komitəsinin prezidenti Alberto Boralevi və ICOC-un prezidenti Peter Bichler çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan xalçaçılıq sənəti barədə danışaraq Azərbaycan xalçalarının dünyada tanınmasını XIV-XV əsrlərə aid Şərq miniatürləri və Avropa rəssamlarının əsərlərinin təsdiq etdiyini bildirib. Bu gün Azərbaycan xalçalarının dünyanın məşhur muzeylərində nümayiş etdirildiyini, eyni zamanda, xalçaçılıq sənətimizin nadir incilərinin Azərbaycan Milli Xalça Muzeyində toplandığını qeyd edib. Azərbaycan xalçaçılıq sənətinin dünyada təbliğ olunmasında Heydər Əliyev Fondunun apardığı fəaliyyət və bu xüsusda, 2010-cu il tarixində YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsi barədə məlumat verib.

Açılış mərasimindən sonra sərgidə olan xalçalara baxış keçirilib və A.Boralevi həmin xalçaların hər biri haqqında ətraflı məlumat verib.

Sərgidə WINCOR kolleksiyasında olan Azərbaycanın Qarabağ, Bakı, Qazax, Şirvan və Quba xalçaçılıq məktəblərinə aid 25 xalça nümayiş etdirilir. Sərgi oktyabrın 19-dək davam edəcək.

 


OXŞAR XƏBƏRLƏR