İstanbulda “Zəfər” fotosərgisi açıldı - FOTOLAR

İstanbulda “Zəfər” fotosərgisi açıldı - FOTOLAR
İstanbulda Azərbaycan "İslahatçı Gənclər” İctimai Birliyi və Türkiyə Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Divan Hotel”də Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü və Azərbaycanın Qarabağdakı qazandığı böyük qələbənin birinci ildönümünə həsr edilmiş "Zəfər” foto sərgisi açılıb. Sərgidə Azərbaycanın Vətən Müharibəsindəki qələbəsini, müharibə dövründə Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror hücumlarını, Azərbaycan-Türkiyə qardaşlığını və böyük zəfərdən sonra Qarabağda başlanan böyük yenidənqurma işlərini əks etdirən fotolar nümayiş etdirilib.

Sfera.az bildirir ki, sərginin açılış mərasimində çıxış edən Azərbaycanın İstanbul Konsulu Zaur Allahverdi-zadə, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Türkiyə Gənclər Birliyinin sədri Dilək Çinar Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda qazandığı böyük zəfərdən, Ordumuzun rəşadətindən və xalqımızın həmrəyliyindən bəhs ediblər. Natiqlər qeyd edib ki, tarixin bütün mərhələlərində Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün dünyaya nümunə olub. Bildirilib ki, hazırda işğaldan azad edilən torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları birgə dalğalanır.

Çıxış edənlər Vətən Müharibəsindəki böyük qələbədən sonra Azərbaycan və Türkiyə gəncliyi qarşısında böyük vəzifələrin dayandığını və iki qardaş ölkə gəncliyinin birgə fəaliyyətinin zəruri olduğunu qeyd ediblər.

Sərgi günün sonunadək davam edib və çox sayda gənc tərəfindən ziyarət edilib.

OXŞAR XƏBƏRLƏR