\"İşsizlik səviyyəsi 6 faiz azalacaq, 2022-ci ildə isə...\" - Ekspertdən ümidverici PROQNOZ
11:50 / 07.04.2021
929
"Beynəlxalq Valyuta Fondunun ənənəvi "Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılıb".
Bunu Sfera.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov bildirib. Qurum rəsmisi gələn il ölkə üzrə işsizliyini azalacağını da diqqətə çatdırıb:
"Müvafiq proqnozlara əsasən işsizlik səviyyəsi də növbəti iki ildə 6 faizdən aşağı olacaqdır. Qlobal iqtisadiyyat üçün də iqtisadi artım proqnozları artırılmışdır və 2021-ci ildə 6 faiz, 2022-ci ildə isə 4,4 faiz artım gözlənilir.
Qeyd edək ki, daha öncəki hesabatla müqayisədə bu göstəricilər, müvafiq olaraq, 0,8 və 0,2 faiz bəndi daha yüksəkdir".
Ekspert növbəti il iqtisadiyyatda canlanma olacağını qeyd edib:
"Eyni zamanda Azərbaycan kimi inkişafda olan, gənc iqtisadiyyat ölkələrinin qəbul etdiyi fiskal və monetar antişok tədbirləri də müvafiq proqnozlarda müsbət məqamlar kimi inikasiya olunmaqdadır. Azərbaycanla bağlı növbəti illərdə iqtisadi artımın baş verməsi ilə bağlı proqnozların pozitivə doğru dəyişilməsi gələcək inkişaf üçün imkanların olduğunu da göstərir. Bu baxımdan, Milli Prioritetlər Sənədi çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf yollarının yenidən dizayn edilməsi, işğaldan azad olunmuş torpaqların reinteqrasiyası ilə bağlı yeni investisiya və bərpa siyasəti, dövlət proqramlarının tərtibi və monitorinqi ilə bağlı qaydaların qəbulu, ümumilikdə isə strateji idarəetmə siyasəti çərçivəsində iqtisadi addımların realizasiyası bu göstəricilərin daha da yaxşılaşmasına xidmət edəcək".
Əzizə Zeynal
Sfera.az