İşsizlik, qiymət artımı, böhran... – Ekspert prosesin nə qədər davam edəcəyini açıqladı

İşsizlik, qiymət artımı, böhran... – Ekspert prosesin nə qədər davam edəcəyini açıqladı
Pandemiya dövründə işsizliklə bərabər, əhalini narahat edən əsasə məsələlərdən biri də qiymət artımıdır. Son aylar xüsusilə yerli bazarda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri davamlı şəkildə artır.
 
Maraqlıdır, bu proses hələ nə qədər davam edəcək? Artımlar niyə belə vüsət alıb?

Bununla bağlı iqtisadçı Eldəniz Əmirov Sfera.az-a açıqlamasında qeyd edib ki, bir müddət əvvəl qiymət artımlarını Azərbaycandakı işbazların boynuna yıxmağın düzgün yanaşma olmadığını deyəndə birmənalı qarşılanmırdı:

"Bu artımların kökündə duran iqtisadi faktorları qiymətləndirməmək olmaz. İstər pandemiyanın təsirləri, istərsə də iqtisadiyyatlara cəlb edilmiş əlavə pul kütlələri, istər kommunal xərclərin və yanacağın qiymətinin artırılması və digər amilərin hər birinin öz təsiri sonda toplam olaraq ciddi qiymət artımlarına səbəb oldu. Düzdür, süni şəkildə artım faktorları da böyük rol oynayırdı, amma bu sadə işbazlıqdan irəli gəlmirdi, inhisarçı davranışların təzahürü idi. Daha böyük səbəb dünyada baş verən iqtisadi və pandemik hadisələrdən qaynaqlanan səbəblər idi”.

Ekspertin sözlərinə görə, qeyd edilənlərin isbatını dünya çapında baş verən artımlarda da müşahidə edirik: "Belə ki, təkcə mart ayında BMT-nin  Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqlamasına görə, Qida Qiymət İndeksi 2%-dən də yükələrək 118.5-ə qədər artıb. Bu göstəriciyə illik müqayisədə baxsaq, daha ciddi  artım müşahidə edərəik. Çünki ötən ilin, yəni 2020-ci ilin mart ayında bu indeks 91.0 səviyyəsində olduğunu nəzərə alsaq, bu artımın illik müqayisədə təxminən 25% olduğunu görərik.
 
Bu artım həm də son 6-7 ilin ixtiyari on ayı ərzində baş verən ən yüksək artımı deməkdir. Bütün bunlar onu göstərir ki, qiymət artımının günahı təkcə bizim nə yazıq yumurta satanlarımızda deyil, nə də digər kiçik və orta təsərrüfatçılarda. Ən əsası da qida məhsullarında qiymət artımı qlobal xarakter almağa başlayıb”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR