İrəvanda Paşinyanla görüşən Şoyqu: “Qarabağda dinc bir həyat qurulacağına ümidvaram”

İrəvanda Paşinyanla görüşən Şoyqu: “Qarabağda dinc bir həyat qurulacağına ümidvaram”
"Bu günlərdə Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq".
 
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"Bəyanat imzalanandan sonra qısa bir müddət ərzində sülhməramlıları bölgəyə yerləşdirdik. Dünən bu proses başa çatdı. Biz Xankəndinə gedən yola, Laçın dəhlizinə nəzarət edirik. Xankəndindən köçənlərin geri qayıtmasını və hərəkətin təhlükəsizliyini təmin edirik. Bizim əsas hədəfimiz qan tökülməsinin qarşısının alınmasıdır. Biz bütün məsələləri, o cümlədən hərbi və hərbi-texniki istiqamətdə əməkdaşlıqları müzakirə edəcəyik”, - Şoyqu bildirib.

Rusiya Müdafiə naziri görüşdə həmçinin, Qarabağda sülhün bərqərar olması üçün çox işlər görüləcəyini deyib.

"Gələcəkdə çox iş gözlənilir, bu dəfə də Qarabağda dinc bir həyat qurulacağına ümidvaram. Əlbəttə ki, əsas vəzifəmiz qan tökülməsinin qarşısını almaqdır. Bu, baş komandanımızın qarşımıza qoyduğu vəzifədir və biz bunu qətiliklə yerinə yetirmək niyyətindəyik”, - deyə o vurğulayıb.

S.Şoyqu vurğulayıb ki, baş nazirlə görüşündə Rusiya sülhməramlılarının fəaliyyəti, hərbi və hərbi-siyasi sahələrdə ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etməyi planlaşdırır:

"Böyük bir proqramla gəldik və onu həyata keçirəcəyimizə ümid edirik”.

OXŞAR XƏBƏRLƏR