İranın artan Qarabağ narahatlığı – Bakı Tehranın təkliflərinə necə yanaşacaq?
"İranın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təşəbbüsləri nəzərə alınmayacaq”.
Bu sözləri Sfera.az-a açıqlamasında İranın Xarici İşlər nazirinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə təkliflərlə çıxış etdiyini və yaxın günlərdə təkliflərin məğzini açıqlayacaqlarını deməsinə münasibət bildirərkən politolq Araz Aslanlı deyib:
"İran regionda müharibə aparan tərəflərin əsas qonşusudur. Azərbaycanla Ermənistan arasındakı savaş onu da narahat edir. Bu narahatlıq döyüş əməliyyatlarının İran sərhədinə yaxın ərazilərdə getməsindən qaynaqlanır. Ola bilər, sabah döyüşlər Ermənistan ərazsinə də keçsin, İranbundan da narahatdır.
İran prosesdə əsas vasitəçi qüvvə olmaq istəyir. Münaqişə başlayandan üzü bəri İran bir necə dəfə prosesə təsir etmək istəyib. Amma görünən odur ki, onun mövqeyi çox da nəzərə alınmayıb. Bu baxımdan İran Xarici işlər nazirinin ölkəsinin Qarabağ münaqişəsinin həllilə bağlı təkliflərinin olduğunu irəli sürməsi təbiidir”.
Həmsöhbətimiz hesab edir ki, cənub qonşumuzun təklifi nəzərə alınmayacaq: "Məsələyə Azərbaycanın öz yanaşması var. Azərbaycan Ordusu hazırda BMT-nin məlum qətnamələrinin icrası ilə məşğuldur. İranın təklifinin məğzi hələlik bəlli olmasa da, görünən odur ki, tövsiyyələr bu çərçivədə deyil.
Onlar status-kvonun mövcud olduğu dövrə uyğun təkliflər irəli sürür. Bu halda isə Tehranın təkliflərinin qəbul olunacağı gözlənilmir. 1992-ci ildə də İran atəşkəs təklifilə çıxış etmişdi. Hansı ki, cənub qonşumuzun həmin dövrdəki təşəbbüsləri Azərbaycan üçün fəlakətlə nəticələndi”.
Elçin
Sfera.az