İranda yeni qərar - Yalnız bu şəxslər prezidentliyə namizəd ola biləcəklər
11:00 / 06.05.2021
3357
İranda iyunun 18-də keçiriləcək 13-cü prezident seçkilərinə namizədlik şərtlərini yenidən tənzimləyən qərar verilib.
Sfera.az xəbər verir ki, qərar prezident seçkilərində namizəd olmaq istəyənlərin sistemə sədaqətini, siyasi, mənəvi və dini görüşlərini araşdıran İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negahban) tərəfindən qəbul olunub.
Qərara əsasən, dövlət səviyyəsində rəhbər vəzifələrdə minimum 4 il iş təcrübəsi olan və azı magistratura təhsili almış 40-75 yaş aralığında İran vətəndaşları namizəd ola bilərlər.
Hərbi keçmişi olan namizədlər üçün məhdudiyyətlərin tətbiq olunduğu qərarda prezidentliyə namizəd olmaq istəyən hərbçilərin azı general-mayor rütbəsinə sahib olmaları tələb olaraq qeyd olunub.
İran Konstitusiyasına Nəzarət Şurasının qərarına ölkənin müxalifət partiyalarından sərt reaksiyalar verilib. Etirazda bildirilib ki, qanunlar yalnız İran Parlamenti tərəfindən ölkə konstitusiyasına uyğun olaraq qəbul oluna bilər və prezident Həsən Ruhani qərarı tətbiq etməməlidir.
Qeyd edək ki, İranda prezidentliyə namizəd olmaq istəyənlər mütləq şəkildə ruhanilərdən və vəkillərdən ibarət olan İran Konstitusiyasına Nəzarət Şurasının təsdiqini almalıdırlar.
Əzizə Zeynal
Sfera.az