İqtisadiyyatda xidmət sektorunun payı yenidən azalıb - SƏBƏB

İqtisadiyyatda xidmət sektorunun payı yenidən azalıb - SƏBƏB
2021-ci ildə ümumi daxili məhsul (ÜDM) istehsalında xidmət sektorunun payı azalaraq 37,3 faizə düşüb.
 
Sfera.az bildirir ki, 2020-ci ildə xidmət sektorunun ÜDM-də payı 42 faiz təşkil etmişdi və 1998-ci ildəki ən yüksək səviyyə yaxınlaşmışdı. 1998-ci ildə iqtisadiyyatda yaradılan əlavə dəyərin 42,8 faizi xidmət sektorunun payına düşürdü.

2021-ci ildə xidmət sektorunun payının azalması Azərbaycanda sənaye istehsalının dəyərinin xeyli dərəcədə artması ilə bağlıdır. Neftin və təbii qazın bahalaşması, eyni zamanda bu məhsullar üzrə hasilatın artması ÜDM istehsalında sənayenin payının yüksəlməsinə səbəb olub. Sənayenin payının xeyli artması digər sahələrin payını azaldıb.

Qeyd edək ki, Azərbaycan digər inkişaf etməkdə olan ölkələrlə müqayisədə xidmət sektorunun inkişaf etdirilməsi məsələsində gecikib. Uzun illər neft sektorunun inkişaf etdirilməsinə önəm verilib, digər sahələrə, o cümlədən xidmət sektoruna xüsusi diqqət olmayıb. Neft gəlirlərinin artması ilə əlaqədar ölkəmizdə iqtisadiyyatın əsas dəyər qaynağı neft sektoru olub, bu sahədən gələn gəlirlərə daha çox ümid bəslənilib.

Amma 2014-2016-cı illərdə neftin qiymətində baş verən azalmadan sonra iqtisadi inkişafın prioritetləri dəyişib. Dünyada neftin qiymətinin sürətlə düşməsi göstərdi ki, iqtisadiyyatı kiçik bir sahədən asılı qoymaq risklidir və bu sahədə baş verən böhran daha sürətlə digər sahələri sarsıda bilər.

Böyümə dinamikasına nəzər yetirdikdə görürük ki, ÜDM-nin nominal dəyərində baş verən itkini xidmət sektorundakı böyümə sayəsində 2-3 ilə kompensasiya etmək mümkündür. Çünki xidmət sektorunda böyümə üçün güclü potensial var. Buna görə də bütün ölkələr, hətta aşağı gəlirli iqtisadiyyatlarda belə inkişaf üçün böyük imkanlara sahib olan xidmət sektoruna diqqət yüksək olur.

Hazırda inkişaf etmiş ölkələrdə xidmət sektorunun ÜDM istehsalında payı orta hesabla 70 faizi ötür. İnkişaf etməkdə olan ölkələrdə isə xidmət sektorunun iqtisadiyyatda payı bir qədər aşağıdır. 2020-ci ilin məlumatına əsasən, dünya üzrə yaradılan ÜDM-nin 66 faizə yaxını xidmət sektorunun payına düşüb.

Xidmət sektorunun iqtisadi böyümədə rolu xüsusidir. ABŞ-ın dünyada ən böyük iqtisadiyyata sahib olmasının yeganə səbəbi xidmət sektoru ilə bağlıdır. ABŞ həm sənaye, həm də kənd təsərüfatı məhsullarının istehsalına görə Çindən geridə qalsa da, məhz xidmət sektorunun böyüklüyü hesabına ən böyük iqtisadiyyat ünvanını qoruyur.

Azərbaycan da xidmət sektorunu inkişaf etdirməklə qeyri-neft sektorunda davamlı inkişafa təminat yarada bilər.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR