Azərbaycanın satdığı qaz iki dəfə UCUZLAŞDI - Gəlirlərimiz xeyli azaldı
2022-ci ildən sonra Azərbaycanın ixrac etdiyi təbii qazın qiymətinin 2 dəfə azalması Azərbaycanın qaz gəlirlərinə ciddi təsir edib.
Sfera.az xatırladır ki, 2022-ci ilin yanvar-avqust ayları ərzində satdığımız qazın qiyməti 685 dollar idi. Qiymət səviyyəsi 2023-cü ilin ilk 8 ayında 601 dollara, 2024-cü ilin eyni dövründə isə 345 dollara düşüb. Müqayisə göstərir ki, cəmi iki il ərzində Azərbaycanın ixrac etdiyi qazın qiyməti 340 dollar və ya 2 dəfə azalıb.
Azalma, xüsusən 2024-cü ildə güclü olub. Təbii qazın ixrac qiymətinin enməsi Azərbaycanın qaz satışından əldə etdiyi gəlirləri də xeyli azaldıb. 2022-ci ilin səkkiz ayında qaz ixracından gəlirimiz 10,32 milyard dollar olmuşdu. Amma 2024-cü ildə qaz satışından gəlirimiz 5,45 milyard dollara düşüb.
Müqayisə edilən son iki ildə gəlirlərdə 4,85 milyard dollar azalma var.
Qeyd edək ki, Azərbaycanın ixracında əmtəələr üzrə əsas gəlir mənbəyi neft və qazdır. Bu il həm neft, həm də qaz satışından gəlirlərin azalması ümumi ixracımızda ciddi azalmaya səbəb olub. 2022-ci ilin səkkiz ayında ümumi ixracımız 26,2 milyard dollar təşkil edirdisə, 2024-cü ildə 18,23 milyard dollara düşüb. İxracda 8 milyard dollar azalma baş verib ki, bunun da əsas səbəbi qaz və neft ixracının azalmasıdır.
Vasif