Azərbaycana avtomobil ehtiyat hissələrinin idxalı rekord həddə çatıb – Rəqəmlər
Son illərdə avtomobillərin ehtiyat hissəslərinin idxalında müşahidə edilən artım 2023-cü ildə də davam edir.
Sfera.az xəbər verir ki, 2023-cü ilin ilk 10 ayı ərzində ehtiyat hissələrinin idxalına 320 milyon dollar xərclənib. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 80 milyon dollar, yəni 33 faiz çoxdur. Ötən ilin ilk 10 ayında Azərbaycan ehtiyat hissələrinin idxalına 240 milyon dollar xərcləmişdi.
Son bir neçə ilin nəticələrinin təhlili göstərir ki, ehtiyat hissələrinin idxalında sürətli artım var. 2017-ci ilin 12 ayı ərzində 84 milyon dollarlıq ehtiyat hissəsi idxal edildiyi halda, 2019-cu ildə 133 milyon dollarlıq, 2021-ci ildə 230 milyon dollarlıq, 2022-ci ildə isə 309 milyon dollarlıq ehtiyat hissəsi idxal edilib.
2023-cü ilin yekununda ehtiyat hissələrinin idxalına çəkilən xərc 400 milyon dollara yaxınlaşacaq. Başqa sözlə, son 6 ildə (2017-2023) idxalın dəyəri 5 dəfəyə yaxın artacaq.
Müqayisə göstərir ki, ehtiyat hissələrinin idxalına çəkilən xərcdəki artım sürəti avtomobillərin idxalına çəkilən xərclərdəki artım sürətindən bir qədər güclüdür.
Avtomobil idxalı 2017-ci ildə 338 milyon dollar, 2021-ci ildə 935 milyon dollar, 2022-ci ildə 1,058 milyard dollar olub. 2023-cü ildə isə avtomobil idxalının 1,6 milyard dollara çatacağını proqnozlaşdırmaq olar. Bu halda son 6 ildə avtomobil idxalı 4,7 dəfə artacaq.
Lakin burada bir nüansı qeyd edək ki, son illərdə Azərbaycana idxal olunan avtomobillərin əksəriyyətinin yaşı 10 ilə qədər olan avtomobillərdir. İstehsal yaşı daha az olan avtomobillərin idxalının artması onlara çəkilən xərci də artırır.
Ehtiyat hissələrinin idxalında isə vəziyyət fərqlidir. Köhnə ehtiyat hissələrinin idxalına məhdudiyyət tətbiq edilmədiyindən xaricdən gətirilən ehtiyat hissələrinin böyük hissəsi köhnə və ucuz olur. Buna baxmayaraq ehtiyat hissələrinə çəkilən xərc sürətlə artır ki, bu da ehtiyat hissələrinə tələbin böyük olduğunu göstərir.
Ehtiyat hissələrinə çəkilən xərcin belə sürətlə artması avtomobil parkının köhnəlməsi ilə izah edilə bilər. Avtomobillərin köhnə olması onların daha tez-tez təmir edilməsinə və ehtiyat hissələrindən çox istifadə edilməsinə səbəb olur.
Vasif