Bu məhsulun satışı Azərbaycana 100 milyon dollar valyuta gətirib

Bu məhsulun satışı Azərbaycana 100 milyon dollar valyuta gətirib

2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan kənd təsərrüfatı mallarının ixracında artım müşahidə edilir. Bu ilin 4 ayında ixracın dəyəri 282,3 milyon dollara yüksəlməklə ötən ilin eyni dövründən 20,4 faiz, yəni 47,8 milyon dollar artıq olub.

 

Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, kənd təsərrüfatı malları arasında ən çox gəliri pambıq satışı gətirib. Dörd ay ərzində “ağ qızıl”ın satışından gəlirimiz 102,5 milyon dollar təşkil edib.

 

Maraqlıdır ki, cari ildə ixrac edilən pambığın miqdarı 31 faiz azalıb. Lakin son aylarda pambığın dəyərində qeydə alınan kəskin artım satışdan 14 faiz çox gəlir əldə etməyə imkan yaradıb.

 

Kənd təsərrüfatı malları arasında digər böyük gəlir gətirən meyvələr olub. Meyvə satışından 96,4 milyon dollar qazanmışıq. Ötən illə müqayisədə meyvə satışından daxil olan gəlir 16 milyon dollar artıb.

 

Meyvə satışında da gəlirin artmasına bahalaşma səbəb olub. Çünki ötən ilin ilk 4 ayı ilə müqayisədə xaricə satılan meyvənin miqdarı təxminən 3 min ton azalıb. Buna baxmayaraq qiymətlərin artması gəlirin artımı ilə nəticələnib.

 

Əsas ixrac mallarından olan tərəvəzdə isə həm satış miqdarı artıb, həm də qiymət artımlarına görə əlavə gəlir əldə edilib. İxrac miqdarı 23 faiz artdığı halda, satışdakı artım 29 faiz olub. Bunun hesabına tərəvəz ixracından gəlirimiz 51 milyon dollardan 66 milyon dollara yüksəlib.

 

İxrac edilən tərəvəzin böyük hissəsini pomidor təşkil edib. Pomidor satışından 58 milyon dollar qazanc olub.

 

Pambıq, meyvə və tərəvəz satışından ümumilikdə 265 milyon dollara yaxın gəlir əldə edilib ki, bu da cəmi aqrar malların ixracının 93,9 faizi deməkdir.

 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR