İQTİSADİ AKTİVLİK ZƏİFLƏYƏ BİLƏR - 2020-ci ilin təsdiqlənən büdcəsinə ekspert baxışı
"Gələn ilin dövlət büdcəsində diqqətimi çəkən əsas məqam təmir-tikinti və investisiya xərclərinin birdən-birə bu ilə nisbətən 23 faizə qədər azaldılması oldu”.
Sfera.az-a açıqlamasında bu sözləri təsdiqlənmiş 2020-ci ilin dövlət büdcəsini dəyərləndirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"Gələn ilin büdcəsində sosial xərclər artırılır. Bu da Prezidentin 2019-cu il ərzində verdiyi fərmanlarla bağlıdır. Həm minimum əmək haqqı, həm də minimum təqaüdlərin artırılması sosial xərcləri bir xeyli dərəcədə artırır. Gələn ilin dövlət büdcəsində diqqətimi çəkən əsas məqam təmir-tikinti və investisiya xərclərinin birdən-birə 23 faizə qədər azaldılması oldu. Bu labüd idi. Çünki hansısa mənbədən xərclər azaldılmalı idi ki, sosial istiqamətə vəsait yönəldilsin. Sadəcə olaraq, problem ondan ibarətdir ki, Azərbaycanda uzun zaman sadə, primitiv iqtisadi model olub. Dövlət büdcəsi neftin hesabına formalaşdıqdan sonra, büdcənin xərcləri hesabına da iqtisadi aktivlik yaranırdı”.
Ekspert qeyd etdi ki, təmir-tikinti və investisiya sahəsində xərclərin birdən-birə 23 faizə qədər azaldılması iqtisadi aktivliyə mənfi təsir edə, iqtisadi aktivliyin zəifləməsi, iş yerlərinin azalması ilə nəticələnə bilər: "Bu mənada təmir-tikinti xərclərinin yaratdığı iqtisadi aktivliyi hansı sahələrin əvəz edə biləcəyi büdcədə aydın görünmür. Ona görə də fikrimcə, gələn ilin büdcəsinin əsas məqamı məhz təmir-tikinti xərclərinin azalmasından doğan iqtisadi aktivliyin zəifləməsinin kompensasiya edilməsi yolları ilə bağlı olacaq. Ancaq bu istiqamətdə hansı yolun seçiləcəyi büdcədə aydın deyil”.
Elçin
Sfera.az